“Zirə” təkcə meydan sahibi olduğu üçün “Səbail”lə oyunun favoriti sayılmırdı. Riçard Almeydanın gəlişindən sonra heyəti daha da güclənən “qartallar” oyunçu potensialı baxımından da bir addım öndə idi. Amma…
“Səbail” in rəqibindən bircə üstünlüyü var idi ki, o da sonda həlledici oldu. Bayıl təmsilçisi ötənmövsümkü heyətin onurğa sütununu qoruyub, rəqibi isə faktiki tamamilə yenidən qurulub. “Zirə”nin qeyri-sabit oynamasının əsas səbəbi də budur – Rəşad Sadıqov hələ də ideal “11-liy”i müəyyənləşdirməyib, axtarışdadı və bəzən komanda istədiyi futbolu sərgiləyə bilmir.
Dünən isə “Zirə” xüsusilə hücum planında bəlkə də ən zəif oyununu keçirdi. Yarımmüdafiədə Elvin Camalovun yoxluğu hiss olunurdu, hələ formada olmayan Riçard Almeyda istənilən qədər effektiv deyildi. Yarımmüdafiədəki nizamsızlıq isə cinahların oyununa, hücumların kəsərinə ciddi təsir etdi.
Aftandil Hacıyevin Zirəyə heç-heçə üçün gəldiyi aydın görünürdü və o, buna asanlıqla nail oldu. Gənc mütəxəssis “Zirə”yə oynamaq imkanı verməməklə heyətlər arasındakı fərqi heçə endirməyi bacardı. Həm də qonaqlar bunu mövsümdə ilk dəfə qol buraxmadan etdi. Düzdü, bu taktika bütün oyunlarda keçməyəcək, “Səbail” son sıralardan qurtulmaq üçün mütləq qələbə seriyası yaxalamalıdı.
“Zirə” 3 oyundu qalib gəlmir. Düzdü, bu, komandanın 8-ci turu ilk “dördlük”də, bəlkə hətta 3-cü sırada bitirməsinə əngəl olmayacaq. Çempionatdakı ümumi mənzərəyə baxanda tamamilə yenidən qurulan komandanın xal ehtiyatı normaldı. Lakin Sadıqov sərgilədikləri oyuna sabitlik gətirməlidi. Yəqin ki, qarşıdakı fasilə bu baxımdan yerinə düşəcək. Amma millinin oyunlarına görə yaranacaq istirahətə kimi çətin durumda olan “Sabah”a da uduzmamaq lazımdı.
“Səbail”lə müqayisədə “Zirə”nin potensialı daha yüksəkdi. Qolsuz heç-heçə komandanı ən azı 2-ci pilləyə şərik edəcəkdi. Bu, imkan əldən verilsə də, “qartallar” çempionatın ən yaxşılarından biridi, avrokubok üçün sonadək döyüşəcəklər. Bunun üçün komandanın komplektləşməsinin tez yekunlaşması vacibdi. Zədələr, yersiz itkilər hər nə qədər çox olsa da, zəngin heyət var və bu, bəhanə olmamalıdı.
AĞA