Bu gün səfərdə “Sumqayıt”la liderlik matçına çıxacaq “Neftçi” yenə 2 əsas forvardının xidmətindən məhrumdu. Əcnəbi hücumçuları önəmli qarşılaşmada bakılılara yardım etməyəcək.
Futbolinfo.az xəbər verir ki, koronavirusa yoluxduğu üçün hələ də Konqoda olan Prins İbara artıq sağalıb. Amma karantində olduğu üçün məşq etməyən forvard qarşıdakı 2 matçda komandasına yardım etməyəcək. Bakıya sabah gəlməsi gözlənilən Prinsin “Qarabağ”la matçı buraxacağı da dəqiqdi.
Maraqlıdı ki, uzun müddətdi hazırlıq keçməyən və daha 2 həftə oynaya bilməyəcəyi dəqiqləşən İbaranı yenidən milli komandaya dəvət ediblər. Pandemiya ilə məhz millinin düşərgəsində “tanış olan” oyunçunun növbəti dəvətinin aqibəti qarşıdakı günlərdə bilinəcək.
Stiven Monrozun sıraya qayıtması da vaxt alacaq. Belindəki ağrılardan əziyyət çəkən və əməliyyat olunan fransız yəqin ki, ayın sonunda oynaya biləcək. Vətənində müalicə olunan hücumçu artıq ölkəmizə qayıdıb və indi klub həkimlərinin nəzarətindədi. Stivenin əməliyyatı olduqca vacib idi. Əməliyyat geciksəydi, onun ümumiyyətlə, karyerasını bitirməsi də mümkün sayılırdı.
“Neftçi” azarkeşləri üçün xoş xəbər də var. Komandanın əsas qapıçısı Səlahət Ağayev bir həftədən sonra məşqlərə başlaya bilər. Əməliyyatdan sonrakı bərpa dövrünü keçən qolkiperin durumu yaxşılaşmaqdadı.
Davranışları üzündən məşqçilərin qəzəbinə tuş gələn və əvəzedici komandaya göndərilən Anton Krivotsyuk isə artıq əsas heyətdədi. Hərəkətlərinə görə üzr istəyən gənc futbolçu bir aylıq cəzadan sonra bağışlanıb və yəqin ki, tezliklə əsas heyətdə yerini alacaq. Onun “Sumqayıt”la bugünkü matçda oynaması da mümkündü.
CAVAD