“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 6:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Yaxşı oyunla vacib qələbə qazandıq. Düzdür, çətinliklərimiz oldu. 90 dəqiqə eyni tempi qoyurub saxlaya bilmərik. Futbolçular səbr və düzgün oyun intizamıyla mübarizə apardılar. Ağır səfərdən sonra futbolçularda yorğunluq var idi. Futbolçularım layiqli qələbə qazandılar.
- Psixoloji yorğunluğu üzərinizdən ata biləcəksiz?
- Hər bir qələbə futbolçulara və mənə böyük inam, istək verir. Psixoloji maneəni aşmaq üçün qələbələr lazım olur. Avroliqadakı məğlubiyyətdən sonra futbolçular məyus idi. Məşq etməyə də çox vaxtımız olmadı. Bu gün oyundan əvvəl də futbolçularla söhbətim oldu. Həqiqətən, qələbə bizim üçün çox vacib idi. Avroliqa oyunlarında psixoloji problem olur. Nə qədər hər şey qaydasındadır desəm də, yenə də futbolçuların fikirləri qarışıq idi.
- “Sivasspor”la oyuna istədiyiniz heyətlə çıxa biləcəksiz?
- Xayme Romero isinmə hərəkətləri zamanı əzələsində ağrılar hiss etdi və biz də risk etmədik. Sabah durumu daha dəqiq bilinəcək. Zədəlilər sağalsa da, optimal formalarını bərpa etmək çətin olur. Belə davam etsə, 2-3 oyundan sonra futbolçular daha hazır olacaqlar. Zədəlilərin qayıtması məni sevindirir, əlimdə futbolçu ehtiyatı artacaq. “Sivasspor”un önünə daha hazır futbolçularla çıxacağıq.
- Emil Balayev hələ də özünü tam göstərə bilmir. Ona nə mane olur?
- Qol buraxdığına görə yox, hücumu başladığı üçün əsəbləşdim. Futbolçular tam yerləşməmiş oyunu başlatdı. Belə hallarda daha təcrübəli olmaq lazımdır. Ümumi götürsək, 90 dəqiqə özünü yaxşı göstərdi. Tək Emilə yox, 1-2 futbolçuya da etirazımı bildirdim. Düşünürəm ki, bunların faydası olacaq. O qol epizodunun da faydası oldu.