Bu gün üz-üzə gələcək “Sumqayıt”la “Qəbələ”də COVİD-19 üzündən əlavə itki olmayacaq. Premyer Liqanın 11-ci turu çərçivəsində şənbə günü qarşılaşmalı olan rəqiblərin heyətində test nəticəsi pozitiv çıxan yeni futbolçu yoxdu.
Qarşılaşma qonaqların 8 üzvündə koronavirus aşkarlandığı üçün bu günə təxirə salınıb. “Qəbələ”nin 8 üzvünün testi pozitiv çıxdığından Peşəkar Futbol Liqası matçı ertələmişdi.
Təkrar testdən sonra qonaqların 2 futbolçusunun oynaya biləcək durumda olduğu dəqiqləşib. Ceyms Adeniyi, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev, Yusif Nəbiyev, Merab Qiqauri və Rasim Ramaldanov isə karantinə alınıb və matçı buraxacaqlar. Onlardan üçü – Ceyms, Yusif və Merab əsas heyət üzvüdü.
Dünən komandaların matçöncəsi sonuncu dəfə verdikləri testin nəticələri də bəllidi. Əldə etdiyimiz bilgiyə görə, əvvəlki siyahıda dəyişiklik yoxdu. Aktiv koronavirus xəstəsi tapılmayan “Sumqayıt” 6 futbolçudan məhrum qonaqlarla saat 16.00-da üz-üzə gələcək.
Lakin “Sumqayıt”da da işlər qaydasında getmir. Zədə üzündən Əli Qurbaninin, cəzaya görə Xəyal Nəcəfovun oyunu buraxacağı dəqiq idi. Dünən isə Vüqar Mustafayevlə Kərəm Soltanovun oynamamaq ehtimalı yaranıb. Hər iki futbolçunun koronovirus testi neqativ çıxsa da, onlarda yüksək hərarət özünü göstərir. Vəziyyətləri stabilləşməsə, baş məşqçi Ayxan Abbasov onların xidmətindən məhrum olacaq.