“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Hazırda hər kəsin məqsədi meydana çıxmaqdır. Biz də acınacaqlı vəziyyətdəyik. Bəzi futbolçular xəstə-xəstə meydana çıxıb. Vəziyyət gərgindir, həm oyunçumuz yoxdur, həm xəstələr var, həm də zədəlilər. Yəqin ki, gələn turdan sonra dayanarıq. Bilmirəm, futbol önəmlidir, yoxsa sağlamlıq. Futbol haqda danışılası bir şey yoxdur.
- Koronavirus səbəbindən çempionatın dayanmasını istəyirsiz?
- Mən də istəyirəm çempionat davam etsin. Düzdür, Avropada futbol davam edir. Orada olan klubların 25-30 futbolçusu var. Koronavirusa yoluxanları tuta bilmirəm. Deyirlər ki, virusa yoluxan 14 günə sağalır, ancaq bizdə 1 həftə sonra meydana çıxır. Başa düşmürəm, nə lazımdır, hamımız virusa yoluxmalıyıq? Test nəticəsi neqativ çıxsa da, simptomlu futbolçuları oynadırıq. Bilmirəm, “Zirə” ilə oyuna 11 nəfəri necə tapacağıq.
- Oyunların təxirəsalınmasıyla bağlı PFL-ə müraciət etmisiz?
- Oynamalıyıq və oynayırıq. PFL deyir ki, 7 futbolçuda virus aşkarlanmalıdır. Nə edək biz? Buna görə bu gün futbol haqda danışmaq istəmirəm. İki gün əvvəl test veririk, neqativ çıxır. Futbolçu gündüz yaxşı olur, amma axşam hərarəti qalxır. Futbolçu test verəndən sonra gərək evdə qalsın. Bəlkə dekabra qədər gözləməliyik. Ehtiyat oyunçumuz yoxdur, əvəzetmə edə bilmirik. 5-6 milyona yığılan komandada ehtiyatda futbolçu olur. Bizim ehtiyatımız gənclər idi, bu gün onların da bəziləri yox idi. Biz də istərdik ki, geniş heyətimiz olsun. Kərəm Vəliyev və Elvin Bədəlovun da hərarəti var.