Bəlkə də qeyri-adi mənzərədi, amma reallıqdı. 99 fazilik qol kimi dəyərləndirilən penalti vuruşları Azərbaycan Premyer Liqasında eyni dərəcədə qorxunc deyil. Bizdə 11 metrlik cərimə zərbələrindən sonra torun silkələnmə ehtimalı 68,75 faizdi.

Premyer Liqanın cari mövsümünün geridə qalan 11 turunun 43 oyunu ərzində hakimlər 16 dəfə ağ nöqtəni göstərib. Və belə cərimə zərbələrindən 5-i (31,25%) qola çevrilməyib. Ən çox bəxti gətirən “Zirə”disə, qeyri-dəqiq oyunçularına görə üzülən “Sumqayıt”dı.

İndiyədək hakimlərin penaltiylə ən çox mükafatlandırdığı “Səbail”lə “Sumqayıt”dı. Bu komandalar 5 dəfə 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Maraqlıdı ki, “kimyaçılar”ın 3 müxtəlif futbolçusu real qol şansını qaçırıbsa, “dənizçilər” 1 dəfə hesabı ən asan üsulla dəyişə bilməyib. Ümumiyyətlə, Bayıl təmsilçisinin hakimlərin sevimlisi olduğunu deyə bilərik. Penaltilərə görə “Sumqayıt”la şərik olsalar da, paytaxt klubu hakimlərə daha çox minnətdar olmalıdılar. Çünki onlar daha az – 10 oyun ərzində buna layiq bilinib.

“Qarabağ”, “Zirə” və “Sabah” hərəyə 2 dəfə penalti vurmaq hüququ qazanıb. Sonuncular şansının birini boşa veribsə, liderlər maksimum faydalanıb. “Neftçi”, “Keşlə” və “Qəbələ” isə hələ qapıçılarla təkbətək duel xoşbəxtliyinə çatmayıblar.

Penaltilərin fərqli bölünməsi öz yerində, amma bugünədək onların haqsız təyin olunmasıyla bağlı ciddi narazılıq yoxdu. Yəqin ki, bəzilərinin çox, bəzilərinin az cərimə zərbəsi görməsi daha çox komandaların oyun tərzi, eləcə də hücumçu və müdafiəçilərin oyun manerası ilə bağlı məsələdi.

Qapısına ən çox penalti təyin olunan komanda “Zirə”di. 5 dəfə cəzalanan “qartallar” bunlardan 3-də (60%) qapısında qol görməyib. Ona görə də “çərçivə”sinə 3 dəfə penalti təyin olunan və hamısı reallaşan “Səbail” bu baxımdan daha bəxtsiz sayılmalıdı.

“Sabah”, “Keşlə” və “Neftçi”nin qapıçıları hərəyə 2 dəfə penalti zərbəsiylə üz-üzə qalıb. “Sabah” bütün hallarda topun tora qovuşduğunu görübsə, digər paytaxt klublarında nisbət yarıbayarıdı. “Qəbələ” və bir oyun az keçirən “Qarabağ” isə qapılarına təyin olunan yeganə cərimə zərbəsinə üzülüblər. Yalnız “Sumqayıt” hakimlərin ən sərt üzünü görməyib.

11 tur ərzində ən az (1 dəfə) penalti “Qəbələ”nin oyunlarında qeydə alınıb. Əvəzində “Səbail” Premyer Liqanın cari mövsümün təyin olunan belə zərbələrin tən yarısına şahidlik edib – 5:3. Bayıllıların 10 oyun keçirdiyini nəzərə alsaq, bu komandanın az qala hər oyununda hakimlər sərt qərara ehtiyac duyur.

Səbail – 5:3 (1:0)

Sumqayıt – 5:0 (3:0)

Zirə – 2:5 (0:3)

Sabah – 2:2 (1:0)

Qarabağ – 2:1 (0:0)

Neftçi – 0:2 (0:1)

Keşlə – 0:2 (0:1)

Qəbələ – 0:1  (0:0)

Qeyd: komandaların qarşısında vurduqları və qapılarına təyin olunan, mötərizədə isə reallaşmayan penaltilərin nisbəti göstərilib.

FƏRİD

Shares: