Premyer Liqanın 12-ci turunun bir oyunu təxirə salına bilər. Söhbət dekabrın 5-də baş tutmalı olan “Sabah” – “Neftçi” matçından gedir.
Koronavirus pandemiyasının geniş yayılması üzündən klublarda vəziyyət gərgindi. Virusa yoluxanların sayı artır və artıq 55 nəfərdə COVİD-19 aşkarlanıb. Bunlardan 5-i məşqçi, qalanı futbolçulardı. Hazırda onlardan 34-ü aktiv xəstədi, 21 nəfərin təkrar testi neqativ çıxıb.
Bugünə olan məlumata görə, ən pis vəziyyət “Neftçi”dədi. 13 üzvü virusa yaxalanan paytaxt təmsilçisində Mirabdulla Abbasov, Emin Mahmudov, Cabir Əmirli və Prins İbarra sağalıb. 9 aktiv xəstəsi olan komandada 3 məşqçi karantinə alınıb. Baş məşqçi Samir Abasovla yanaşı, köməkçiləri Vəfadar Quliyev və Etibar Tarverdiyevin test nəticələri pozitiv olub.
Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mbodj, Voislav Stankoviç, Fəhmin Muradbəyli və 3-cü qapıçı Kamran İbrahimov hazırda məşqlərə qatılmır. Amma bu nəticələr də komandanın “Sabah”la matçının təxirə salınmasına imkan vermir. Məşqçi Seymur Rəhimovun ümidinə qalan “Neftçi”də xəstə futbolçuların sayı 7-ə çatarsa, onlar Peşəkar Futbol Liqasına oyunun daha sonraya ertələməsi üçün müraciət edə bilərlər. Bu isə realdı. Belə ki, növbəti oyunöncəsi komanda növbəti dəfə test verəcək. Sağlamlığında problem olan daha bir nəfər aşkarlanarsa, təxirəsalma qaçılmaz olacaq.