Azərbaycan futbolunda koronavirus bu qədər geniş yayılıbsa, əsas günahkar məsuliyyətsiz AFFA rəsmiləridi. Çünki Premyer Liqada demək olar, heç kimdə COVİD-19 aşkarlanmamışdı. Elə ki, milli komandaların oyunları reallaşdı, xaricdən geri dönən futbolçular bəlanı da özüylə gətirdi.

Yığma komandaların oyunlarına kimi yalnız “Sabah”da bir neçə futbolçunun test nəticələri pozitiv çıxmışdı. Bəhlul Mustafazdə ilə başlayan proses bəzi komanda yoldaşlarının yoluxmasıyla davam etdi və milli komandaya ayaq açdı. Sloveniya, Xorvatiya və Lüksemburqda keçirilən ardıcıl 3 oyunda vəziyyət kritikləşdi.

Hələ Sloveniyada bəlli oldu ki, “Sabah”ın oyunçusu Təmkin Xəlilzadənin durumu pisdi. Komandanın inzibatçısıyla, tərcüməçisiylə yayılmağa başlayan xəstəlik daha sonra özünü Maksim Medvedevdə və Rahil Məmmədovda göstərdi.

Milli komanda ölkəyə qayıtdıqdan sonra Premyer Liqa oyuları bir həftəlik təxirə salınsaydı, bəlkə də vəziyyət bu həddə çatmazdı. Virusun yayıldığı, simptomlu xəstələrin çoxalmağa başladığı bilinə-bilinə AFFA heç kimi karantinə almadı, təcrid etmədi. Belədə yoluxma ehtimalı olan, daşıyıcı olması real görünən futbolçular klublara buraxıldı. Və partlayış…

“Sumqayıt”, “Neftçi”, “Sabah”, “Qarabağ” və “Keşlə”də xəstəliyin ilk olaraq milli üzvlərində qeydə alınması təsadüf deyil. Yığmanın düşərgəsində karantin, təcrid qaydalarına düzgün əməl olunmayıb və hamı yoluxub. Bu futbolçular isə klubdakı digər yoldaşlarını yoluxdurub. Ağıllı tərpənən yalnız “Zirə”di. Komanda özünü tamamilə təcrid edib və nəticədə pozitiv test sayı ən az olan kollektivdi.

Maraqlıdı ki, “Neftçi” və “Zirə”də koronavirusa ilk yoluxma faktları da məhz milli üzvləri ilə bağlıydı. Prins İbarra və Klesio Bauk öz millilərinin düşərgəsində yoluxmuuş, amma ölkəmizə gələnədək sağalmışdılar.

“Səbail”lə “Qəbələ”nin futbolçularının digər komandalarla müqayisədə COVİD-19-a daha gec yoluxması təsadüf sayıla bilməz. Bu komandaların millidə təmsilçisi yox idi. Və onlarda vəziyyət çempionatda digər komandalarla qarşılaşmalardan sonra pisləşdi. “Səbail” “Sabah”la, “Qəbələ” “Neftçi” ilə matçlardan sonra kürəyini yerə vurdu.

Artıq komandalar meydanda dəfələrlə üz-üzə gəlib və yoluxma riski artıb. Test nəticələrinin neqativ çıxması hələ təhlükə olmaması demək deyil. Testdə aşkara çıxmayan, amma daşıyıcı olduğu deyilən xeyli futbolçu bu qarşılaşmalarda top qovub. Əldə etdiyimiz məlumata görə, bəzi klublar test nəticələrini də saxtalaşdırıb. Belə ki, oyuna normal heyətlə çıxmaq üçün xəstəliyi, test nəticələrini gizlədən klubların olduğu deyilir. İlk testdə 10-12, bir gün sonrakı təkrar testdə cəmi 3-4 xəstə futbolçusu olduğu aşkarlanan komandalar olub.

İndi isə vəziyyət qəlizləşib. Söhbət təkcə bütün klublarda yoluxmanın pik həddə çatmasından getmir. Futbolçuların ailələrinin, yaxınlarının da həyati təhlükəsi var. Test nəticələrinə arxayın olub, istəmədən əzizlərini riskə atanlar kifayət qədərdi.

Bu ocaq millinin düşərgəsində alovlandı. Ola bilsin, “köz” başqa yerdən gəldi, amma ehtiyatsız davranış üzündən məhz millinin düşərgəsinə tonqala çevrildi, indi isə bütün ölkə klublarını yandırıb-yaxır.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp