AFFA-nı alqışlamaq lazımdı. Bu qurum nəhayət, tənqiddən nəticə çıxardı. İcraiyyə Komitəsinin (İK) 2020-ci il üçün son iclası öncə təxirə salınsa da, mətbuatın, futbol ictimaiyyətinin iradlarından sonra bu günə təyin edildi.

Az sonra İK videokonfrans formatında iclas keçirəcək. Məqsəd ilə yekun vurmaq, gündəliyə daxil edilən məsələlərin müzakirəsidi. Amma…

İş ondadı ki, AFFA bu iclası formallıq, gözdən pərdə asmaq xatirinə təşkil edir – ən azı belə görünür. Bir çox məsələlər unudulub, gündəliyə daxil edilən bəndlərdə isə qəribəlik var.

1. 2021/22 mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi

Burada qeyri-adi bir məqam yoxdu. Hər il qaydalar təsdiqlənir və klublar fəaliyyətini ona uyğun qurur. Maraqlı olan Elxan Məmmədovun qutudan hansı rəngdə dovşan çıxaracağıdı. AFFA-nın icraçı vitse-prezidenti illərdi lisenziya qaydalarını istədiyi kimi müəyyənləşdiri və İK-ya təsdiqlədir. Sənədi oxumağa komitə üzvlərinin səbri, bəzilərinin hətta savadı çatmadığından qaydalar ilk təklifdəcə qəbul edilir.

Halbuki belə olmamalıdı. Lisenziya şərtləri vacib məqamdı və klublar həddindən çox yüklənir. Məmmədov qaydaları İK üzvlərinə təqdim edərkən burada FIFA, UEFA tələblərinin əsas götürüldüyünü deyir, bəhanəylə istədiyi kimi təsdiqlədir. Belə olmadığını isə dəfələrlə sübut etmişik.

Məsələn, AFFA klubları bütün yaş qrupları üzrə komanda saxlamağa məcbur edir, əslində isə beynəlxalq təşkilatlar buna lüzum görmür, cəmi 3 yaş qrupu üzrə komanda saxlamağı mütləq şərt kimi qoyur. Bizimkilər bununla guya uşaq futbolunu inkişaf etdirməyə çalışırlar, əslində isə klubların bu qədər komandanı yüksək səviyyədə saxlamaq üçün gücü yoxdu. Ondansa 3 komanda saxlamaq, amma onlara ideal diqqət göstərmək daha məqsədəuyğundu. O zaman kəmiyyətə yox, keyfiyyətə üstünlük verilər, futbolumuza da faydası dəyər.

Hörmətli, İK üzvləri ehtiyatlı olsun. Elxan Məmmədov bu gün təsdiqlətdirəcəyi sənəddə də mütləq belə oyun çıxarıb. Onun UEFA-da qadın futbolu üzrə kurator olduğunu bilirik və öz karyerasını yüksəltmək naminə klubları “yükləyir”. Belə ki, bütün klubların qadın komandasının olmasını lisenziya şərtlərinə daxil etdiyi dəqiqdi. Halbuki bu barədə UEFA-nın tələbi tövsiyyə xarakterlidi, mütləq şərt kimi qoyulması 5 il sonraya nəzərdə tutulub. Ona görə bəndin müzakirəsi zamanı bir nəfərin şəxsi maraqları yox, klubların durumu nəzərə alınmalıdı.

2. Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması

Zənnimizcə, bu bəndə redaktə edilməlidi. Müqavilənin uzadılması şərt kimi qoyula bilməz, müzakirə edilməsi lazımdı. Gündəliyi tərtib edən katiblik (onun da rəhbərinin Elxan Məmmədov olması daha bir biabırçılıqdı – red.) öncə müqavilənin uzadılmasını əsaslandırmalıdı. Bu məşqçilərlə anlaşmanın müddəti niyə uzadılsın ki? Bəlkə yeni namizədlərlə bağlı müzakirəyə ehtiyac var? Niyə faydalı vahid sistemin tətbiqi yox, şəxslərin təyinatı gündəmə gəlir? Miloş Velebitin hansı işinə əsasən onu saxlamaq istəyirlər? Və ya Milan Obradoviç 10 oyuna 6 xal toplamasına, Lixtenşteynə tarixinin ilk qələbəsini bəxş etdiyinə görəmi mükafatlandırılır? Niyə? Qoy, müqavilənin uzadılmasını təklif edənlər öncə bunu əsaslandırsın.

İK qanunverici qurumdu, bu məşqçiləri təsdiqləyəndə məsuliyyəti üzərinə götürür. Ona görə əvvəlcə məşqçilərdən hesabat istənməli, işləri qiymətləndirilməli, sonda yeni müqavilə məsələsinə baxılmalıdı. Heç bəlkə onların fəaliyyəti qənaətbəxş deyil, o zaman niyə məsələ məhz “müqavilənin uzadılması” kimi təsbit olunmalıdı?

Bənddə “milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması” qeydinə həm də gülümsəmək lazımdı. Görəsən, qarşılıqlı razılıq olmadan da müqavilə uzadılır?

3. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

Bu, texniki məsələdi, İK-da tarixin təsdiqlənməsi gərəkdi. AFFA konfransını ötən ildən yanvara çəkənlər yenə tələsir. Ümid edirik, gələn ilin əvvəlindəki tədbir Hesabat-Seçki Konfransına çevrilər və AFFA-dakı islahatlarla müşaiyət olunar. Həmin vaxt qovulanlar sırasında olmamaq üçün elə bu gün üzvlərdən kimsə istefasını açıqlasa, yalnız özünə hörmət etmiş olar. Amma bu, Elmar Məmmədyarova aid deyil – sabiq xarici işlər nazirinin aid olmadığı sahədən gedişi zatən gecikir.

4. Digər məsələlər

Bu bənddə çox məsələ nəzərdə tutula bilər. İclasdan sonra daha dəqiqini biləcəyik. Amma komitə üzvlərinə təklifləri indidən çatdırmaqda fayda var.

Dayandırılmış uşaq liqaları, startı verilməyən Region Liqası əsas müzakirə obyekti olmalıdı. Əsas milli komanda rəhbərliyinin məsuliyyətsizliyi üzündən bütün komandanın koronavirusa yoluxması, karantin qaydalarına əməl edilmədiyinə görə Premyer Liqanın keçirilməsində yaranan problemlər masaya yatırılmalı, günahkarlar müəyyənləşməlidi. Yarışlardakı fasilələr üzündən maddi problemlərlə üz-üzə qalan futbolçular, məşqçilər və hakimlərin qayğısına qalmaq məqsədilə proqram işlənməlidi. Hakimlər Komitəsinin sədri Frits Stuxlikin 2 illik fəaliyyətinə qiymət verilməli, müqaviləsinin bitməsinə baxmayaraq, 4 aydı postunda niyə saxlandığı araşdırılmalıdı.

İK üzvləri yuxarıda sadaladığımız bütün məsələlərdə diqqətli olmalı, Məmmədovun diqtəsinə məhəl qoymamalıdı. Əcnəbilərlə bağlanan müqavilələr icraçı vitse-prezidentə sərf edir, menecer dostları, şərikləri buna görə maddi qazanca, müəyyən faizə sahib olur. Bir neçə aydan sonra AFFA-da islahat aparanda bu məşqçiləri göndərmək, onlara kompensasiya ödəmək lazım gələcək. Qurumu əlavə xərclərdən qorumaq üçün bəri başdan ya müqavilələri uzatmamaq, ya da ora xüsusi bəndlər əlavə etmək gərəkdi.

AFFA rəsmilərinin bugünkü iclasadək bu yazını oxumağa, təkliflərə nəzərə yetirməyə xeyli vaxtı var. Ümid edirik, Azərbaycan futbolunun sabahı naminə məsləhətlərimizi nəzərə alacaqlar. Gələn ilə təxirə salınan iclasın bu il keçirilməsi ilə bağlı iradımızı nəzərə aldıqları kimi…

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp