Premyer Liqanın 13-cü turu 3 məşqçi üçün nəhs gəldi. Belə ki, bu gün onlar komandasına meydanın kənarında nəzarət edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, yalnız “Qarabağ” – “Zirə” oyununda hər iki baş məşqçi yerində olacaq. “Səbail” – “Qəbələ” və “Sumqayıt” – “Sabah” matçlarında meydan sahibləri, “Neftçi” – “Keşlə” görüşündə isə qonaqlar köməkçi məşqçilərin ümidinə qalacaq.

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev və onun “Keşlə”dəki həmkarı Yunis Hüseynov ötən tur əyani dueldə üz-üzə gəlməmişdi. Karantində olan Aftandil bəyi “Qəbələ” ilə qarşılaşmada da Emin Ağayev əvəz edəcək. Müalicəsini xəstəxanada davam etdirən Yunis bəyi isə yenə Zaur İsmayılov əvəz edəcək.

“Sumqayıt”ın “sükançısı” Ayxan Abbasovun koronavirus testi neqativ çıxıb. Lakin onda bu xəstəliyin bütün əlamətləri var. Məşqçi yüksək hərarət üzündən dünənki məşqə qatılmayıb və “Sabah”la matça da komandanı Elnur Çodarov çıxaracaq.

Xatırladaq ki, daha öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və onun “Neftçi”dəki həmkarı Samir Abasov virusa yoluxmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp