Bütün klublar diqqətli olsun. Çünki “Keşlə” onların futbolçularını ələ keçirmək üçün ova çıxıb. Klublarıyla problem yaşayanlar və ya tezliklə müqaviləsi bitəcək istedadlı gənclərin hamısı paytaxt klubundan təklif alacaq.

Futbolinfo.az-ın əldə etdiyi dəqiq məlumata görə, “Keşlə”nin təyinatı rəsmən açıqlanmayan, amma bir aydı işə başlayan yeni idman direktoru Ceyhun Sultanov fəaliyyətə keçib. O, sıx münasibətdə olduğu menecerlərə, uşaq məşqçilərinə siyahı hazırlayıb təqdim etmələrini xahiş edib. Məqsəd komanda üçün limitə düşən futbolçular gətirməkdi.

6 milyon manatlıq büdcəsi olan “Keşlə” bu illər ərzində ya akademiyasına diqqət yetirməyib, gənc nəsil hazırlamayıb, ya da Sultanov onları oynatmaqdansa, pul xərcləyib gətirəcəklərini üstün tutur. Təbii ki, gətirilmə futbolçular klub üçün olmasa da, menecer-direktor üçün daha sərfəlidi – onlardan “pul tutmaq” imkanı var.

Sultanovun tanış menecerlərdən konkret xahişi belədi: Hansı klubda ki, müqaviləsi bitən və ya müqaviləsi davam etməsinə baxmayaraq, klubdan ayrılmaq istəyən 1999, 2000 və 2001-ci il təvəllüdlü futbolçu var, xəbər edin, danışıb, “Keşlə”yə gətirək. Ceyhun bəyin əsas hədəfi isə sağ cinah müdafiəçisidi. O, “Keşlə”nin limit oyunçusu şansını bu mövqedə istifadə etmək istəyir.

İdman direktorunun transfer siyahısına “Zirə”dən geri qaytarmaq istədikləri yarımmüdafiəçi Tural Bayramlı, eləcə də cinah müdafiəçiləri Turan Manafov (Səbail) və Süleyman Əhmədov (Sumqayıt) başçılıq edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp