“Neftçi” real, “Qarabağ” potensial liderdi. Ötən tur da belə idi, 202-ə də belə başlayacağıq. Bir oyun az keçirən ağdamlııların yenidən zirvəyə qayıtması üçün təxirə salınmış matçda “Səbail”i yenməsi şərtdi.

Amma bunun üçün yeni ili gözləmək lazım gələcək. Hələliksə bakılılar qış çempionu olmağı bacardı. Onlar “Qarabağ”ın vurduğu 31 qolun hətta yarısına nail olmasa da, xal ehtiyatına görə daha üstündü.

Heç-heçəsiz tur koronavirus səbəbindən komandasını başsız qoyan məşqçilər üçün uğursuz bitdi. Aftandil Hacıyevlə Ayxan Abbasovun yetirmələri evdə, Yunis Hüseynovun “Keşlə”si səfərdə uduzdu.

Premyer Liqada daşlar yavaş-yavaş yerinə oturur, favoritlərlə digərlərinin fərqi ortaya çıxır. “Qarabağ”la “Neftçi” digərlərindən bir addım öndə olmasını nəticələrlə təsdiqləyir, autsayderlər qrupunda cəmləşən eynixallı 3 komanda isə qeyri-sabitliyin əziyyətini çəkir. 5-ci pilləyə yüksələn “Qəbələ”ni də onlardan ayırmamalıyıq.

Dünən “Sabah”a uduzan “Sumqayıt” düşüşdədi. Heyət yetərsizliyindən əziyyət çəkən komanda qışda yeni futbolçu götürməsə, üst pillələrdə qalması çətin olacaq. “Sabah”ın isə futbolçudan çox özünəgüvənə ehtiyacı var. Son pillədən qurtulmaq üçün komanda qələbə seriyası yaxalamalıdı. 1 turu qışdan sonraya qalmış 2 dövrəni bərbad keçirən Visente Qomes yetirmələri ilə münasibətlərini qaydaya salsa, onları yumruq kimi birləşdirsə, bu, çətin olmamalıdı.

“Səbail” çempionatın ən əzmkar komandalarından biridi. Lakin bu, yetərli deyil, ustalıq səviyyəsi yüksək olan futbolçu kifayət etməyəndə ziqzaqlı qrafik cızmalı olursan.  “Dənizçilər”i yenən “Qəbələ” isə mövsümdə ilk dəfə inamlı qələbəyə nail oldu. Komandanın yüksək hücum potensialı nəhayət, nəticədə əksini tapdı. Davamlı olması qışda görüləcək işlərdən asılıdı.

Turun ən zövqlü oyununa gəlincə, liderlərin döyüşünün taleyini təcrübə həll etdi. “Zirə” “Qarabağ” üzərində tarixinin ilk qələbəsinə hələ bu qədər yaxınlaşmamışdı. Hər hissənin əvvəlində fərqlənən “qartallar” rəqibi düzgün analiz və minimal şanslardan maksimum istifadə etməklə böyük üstünlük qazanmışdı. Rəşad Sadıqovun seçdiyi taktika, rəqibin oyununu pozmaq düşüncəsi nəticəsini verməkdəydi. Amma müəllimi, görünür, ona son fəndi öyrətməyib. Elə bu səbəbdən də ağdamlılar matçı çevirməyi bacardı.

Qurban Qurbanovun əvəzetmələri qısa zamanda oyunun axarını dəyişdi. İsmayıl İbrahimli ilk qolun ötürməsini verdi, Ovusu Kvabena isə dublla geridönüşü təmin etdi. Lakin gedişata təsir edən digər məqamlar da var idi. “Zirə”nin müdafiəçisinin səhlənkarcasına qırmızı vərəqə alması, ardınca qapıçının uşaq səhvi “Qarabağ”ın işini asanlaşdırdı.

İlin qapanış matçına gəlincə, “Neftçi” aşkar üstün olmasına baxmayaraq, çətin qələbə qazandı. Amma Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra komandanın oyunundakı inkişaf aşkar hiss olunur. Bakılılar xoşbəxtliyi rəqib qapısında axtaran kollektivə çevrilməkdədi, əvvəlki qorxaq oyundan əsər-əlamət qalmayıb.

Bu fərqi “Keşlə”nin yeni idman direktoru Ceyhun Sultanov da əyani gördü. Onun baş məşqçi Füzuli Məmmədovla birgə qovulmasından sonrakı “Neftçi” tam fərqli simaya bürünüb. Sultanov isə indi “Keşlə”nin axırına çıxmaqdadı – gəlişindən sonra komandanı son pilləyə kimi yuvarladıb. Təbii ki, o, nə futbolçu, nə baş məşqçidi, lakin heyəti elə qarışdırıb ki, komanda özünə gəlmir. Qovulan futbolçular öz yerində, yola salınacağını bilənlər də komanda üçün can yandırmır. Və budur – komanda son pilləyə enib.

Qış fasiləsi uzun çəkməyəcək. 3 həftəlik zaman klubların xaricə gedişini də əngəlləyir. Yayda olduğu kimi, yenə ölkə daxilində keçiriləcək toplanışlarla mövsümə davam ediləcək. Yazda turnir cədvəlinin necə formalaşacağı həm də qarşıdakı hazırlıq və transfer dönəmindən asılıdı.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp