Hərəkətin doğru olub-olmadığını sorğulamaqdan keçib. Qərar verilib və onun nəticələrini aradan qaldırmaq, ziyandan minimumla çıxmağa çalışmaq lazımdı.

Bu baxıman fikir müxtəlifliyi də anlaşılandı. Kimisinə görə illərlə yığılan qisas hissinin partlaması, düşmənin alçaqcasına hərəkətinə verilən kəskin reaksiyadı və qəbulediləndi; kimisinə görə də əsəblərə hakim olmaq gərəkirdi, xüsusilə rəsmi şəxsin daha soyuqqanlı olması lazım idi.

Hər ikisiylə razılaşmaq olar və variantların öz tərəfdarları var. Lakin bu, reallığı dəyişmir. Nurlan İbrahimovun sosial şəbəkədəki məlum statusuna görə cəzalar verilib. İndi növbədə onları maksimum azaltmaq, sonradan üzrxahlıq edilərək, səbəbi izah edilərək silinən açıqlamanın cəzasını yumşaltmaqdı. UEFA-nın maksimum cəza tədbirinə əl atdığını nəzərə alsaq, güzəşt istəyənlərin gözləntisi təbiidi.

İbrahimovun futbol fəaliyyətinə ömürlük qadağa qoyulması, “Qarabağ”ın 100 min avro cərimələnməsiylə böyüyən qalmaqal davam edir. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri cəzanın azaldılması üçün müraciət edib, lakin qarşı tərəfin mövqeyi anlaşılmazdı.

İbrahimovun vəkili Fərid Haqverdiyev qərarı həddindən artıq sərt hesab edir. Onun fikrincə, UEFA bu qərarı aramsız təzyiq altında qəbul edib. Hətta UEFA-ya verdikləri apellyasiya şikayəti də qəbul edilməyib: “Təəssüf ki, şikayətimiz qəbul edilmədi. Zənnimizcə, bunda süni əngəllər də əsas rol oynadı. Növbəti etirazımız da UEFA tərəfindən apellyasiya şikayətinin mahiyyətinə baxılmadan qəbul edilmədi. Hesab edirik ki, UEFA-nın qəbul etdiyi qərar əsassızdır, belə ki, qurumun apellyasiya şikayətinin mahiyyətinə baxmadan onu qəbul etməməsi nəticəsində Nurlan İbrahimovun ədalətli məhkəmə araşdırması hüququ tamamilə pozulub. Nurlan bəy iş üzrə etirazlarını, sübutlarını, işin halları ilə bağlı izahatlarını təqdim etmək hüququndan məhrum edilib”.

Növbəti addım bəllidi: “Bu qərardan sonra İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət hazırlanıb veriləcək. Ümid edirik ki, qeyd etdiyimiz pozuntular CAS tərəfindən aradan qaldırılacaq və yekunda Nurlan bəyə münasibətdə ədalətli qərar veriləcək”.

Təəssüf doğuran məqam bu məsələdə İbrahimovun, eləcə də “Qarabağ”ın tək buraxılmasıdı. Ola bilsin, qəbahəti var, amma Nurlan bəy kimisə öldürməyib, vətən xaini deyil, ani emosiyanın qurbanı olub və statusu silib, üzrxahlıq etməsiylə bunu göstərib. İndi müdafiə edilməsinə ehtiyac var.

İbrahimovun məsələsi fərdin məsələsi olmamalıdı. O, mənfur düşmənin əməllərindən qeyzlənərək bu addımı atmışdı. Hadisənin müharibə dövründə reallaşdığını nəzərə alsaq, bu, həm də ermənilərlə müharibənin bir cəbhəsi idi. Ordumuzun düşməni əzdiyi haqlı savaşdan fərqli olaraq, burada daxili düşmənlər rəqibin qələbəsinə seyrçi qaldı.

Nurlan bəyin cəzalanmasına Ermənistan Futbol Federasiyasının xüsusi canfəşanlığı səbəb oldu. Bütün əlaqələri işə saldılar, cəzaya nail oldular və bunu qələbə kimi qeyd etdilər. UEFA-da çalışan Monika Mxitaryanın səyləri bu məsələdə xüsusi rol oynadı.

Bəs, bizim AFFA nə etdi? Faktiki heç nə. Azərbaycanlını müdafiə etmək onların yadına da düşmədi.

Ermənistan millisinin üzvü Henrix Mxitaryan dəfələrlə separatçı paylaşımlar, Qarabağa icazəsiz səfərlər edib və bunu gizlətməyib. Onun bacısı Monika da Qarabağın Ermənistan ərazisi olmasıyla bağlı xeyli status yazıb. Henrixə gücü çatmayan AFFA xanım Mxitaryanın statusunu sildirməyə nail olub. Və… başqa heç nə. Hər hansı cəza reallaşmayıb.

Düzdü, İbrahimovun statusu daha sərt idi. Amma ömürlük cəzalanacaq qədər yox. O da statusunu sildi, üzrxahlıq etdi, üstəlik, Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən mətbuat katibinə qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərildi və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edildi – mətbuat katibi 500 manat cərimələndi.

Amma beynəlxalq arenada bu məsələdə ermənilərə uduzuruq. Çünki AFFA-dakılar erməni həmkarları qədər bacarıqlı deyil. Bəlkə də bacarıq var, sadəcə, azərbaycanlını müdafiə etmək istəyi, arzusu yoxdu. Monika UEFA-da adi işçidisə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ali futbol qurumunda Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinə rəhbərlik edir. Mxitaryanın terrorçuları dəstəkləyən saysız paylaşımlarına reaksiya verməyən Məmmədov heç olmasa, İbrahimovun müdafiəsində özünü göstərməliydi. Nurlan bəyin statusunu ictimailəşdirən, bununla bağlı qitə futbol qurumuna müraciət edən məhz Ermənistan Futbol Federasiyası olmuşdu. AFFA cavab həmləsi etmədi.

İndi AFFA rəsmi müraciət etmələri barədə hansısa məktub göstərə bilər, amma bu, yetərli deyil. Problemin həlli üçün canfəşanlıq etmək, ən azı bu statusa Ermənistanın torpaqlarımızı 30 il işğalda saxlamasının, dinc əhaliyə qarşı terrorun yaratdığı psixoloji stressin səbəb olduğu əsaslandırılmalıydı. Nurlan bəyin paylaşımını silməsi, ölkə qanunvericiliyi çərçivəsində cəzalandırılması önə çəkilməli, UEFA-nın güzəştinə nail olaq lazım idi.

SOCAR/AFFA 200 milyon avroluq reklam əməkdaşlığı etdiyi beynəlxalq təşkilatdan bunu istəyə bilməzmi? Təbii ki, istəyər və cəzanın hətta tam silinməsinə nail olar. Amma Elxan Məmmədovun erməni qarşısında “qalib azərbaycanlı” görmək istəməsinə əmin deyilik. Onun düşüncəsinə görə düşmən həmişə haqlıdı.

İbrahimovun qəbahətinə haqq qazandırmırıq. Lakin müdafiə olunmaq haqqı var. AFFA isə ölkə vətəndaşına, futbol təsərrüfatında çalışan birinə o qədər biganədi ki, hətta Nurlan bəyin apellyasiya şikayətinin qəbul edilməməsinə də biganədilər. Halbuki bu, onun haqqıdı və xüsusilə AFFA tərəfindən dəstəklənməlidi.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp