Adını unutmuşam, yunan filosoflarından birinə deyirlər ki, filankəs səni yaman tərifləyirdi. Kədərlənir, başlayır düşünməyə. Xəbəri çatdıran adam təəccüblə soruşur ki, mən axı yaxşı bir şey dedim, niyə kədərləndin? Filosof cavab verir ki, o tərifləyən adam elə bir xislətdə, elə bir zehniyyətdə adamdır ki, bayaqdan düşünürəm, görəsən, mən harda böyük səhv eləmişəm ki, o məni tərifləyib…

Bugünlərdə idman mətbuatında maraqlı gündəmlərdən biri də Azərbaycan İdman Jurnalistləri Assosiasiyası adlı (AİJA) adı olub özü, fəaliyyəti hələ də qeyri-müəyyən qalan bir qurumun cameədən olan bir neçə şəxsi mükafatlandırmasıdır. Mükafat alanlar arasında dostlarımız, təmizliyinə, peşəkarlıqlarına, işlərinə şübhə etmədiyimiz həmkarlarımız da var. Şübhəsiz.

Bəlkə də bu yazıdan sonra onların bir çoxu ilə aramızda olan münasibətdəki səmimiyyətə xələl də gələcək. Amma deməyə bilmərəm, bu da mənim xislətimdir – səhv etmisiniz, dostlar, hardasa səhv etmisiniz.

Əks təqdirdə adı olub, özü, fəaliyyəti, varlığı qeyri-müəyyən olan, kimə, nəyə, hansı amala qulluq etdiyi bəlli olmayan bir qurum sizi mükafatçılar sırasında göstərməzdi.

AİJA ilə mənim bir problemim yoxdur. Yuxarıda iki dəfə dediyim kimi, olmayan bir şeylə problem də olmaz. İl boyu heç bir işə qarışmayan, idman jurnalistlərinin ağır iş şərtləri, maddi vəziyyəti, klublarla, federasiyalarla əlaqələrindən xəbərsiz olan qurumun ilin sonu yadına düşür ki, kimlərəsə mükafat paylamaq lazımdır.

Ölkədə az-çox müstəqil fəaliyyət göstərməyə çalışan, amma bu müstəqilliyin çox uzun çəkməyəcəyi aydın olan idman KİV-i ilə bir dəfə maraqlanmayan, əməli fəaliyyət qalsın kənara, bir dəyirmi masa, müzakirə ortamı yaratmayan, problemlərlə maraqlanmayan qurumdan danışırıq.

Yarandığı gündən (səhv etmirəmsə, 25 ildir) bir nəfərin sədr olduğu bir təşkilat nə qədər şəffaf ola bilər ki, onun verdiyi mükafatlar da o qədər ədalətli olsun.

Məsələ mükafatda deyil, məsələ heç onun kimə verilməsində də deyil, məsələ ondadır ki, sən özündə haqq tapıb kimisə, nə iləsə təltif etmə cürəti göstərirsən. Sən kimsən axı?

Bir də bu təşkilata rəqib deməyək, paralel işlər görəcək yeni bir qurum yaranmışdı Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF). Ad seçimlərinə diqqət edirsinizmi? Necə də havalı səslənir. Fevralda yaradılmış, təsis konfransında onlarla digər həmkarımla birlikdə mənim də iştirak etdiyim, bəh-bəhlə təqdim olunan, “bağ belə, bostan belə, şəftəli şələ-şələ” vədlər verilən təşkilatın fəaliyyəti (fəaliyyətsizliyi) də AİJA-dan fərqli olmadı. Tərkibində həm İdman Nazirliyindən, həm AFFA-dan nümayəndələr olan, sanballı saytların, sanballı əməkdaşlarının toplaşdığı qurumun fəaliyyəti bir-iki ağsaqqala yubiley təbriki, rəhmətə getmişlərə baş sağlığı verməkdən o yana keçmədi.

Sözün açığı, mövcud pandemiya şəraiti, koronavirusla əlaqədar yaranmış qapanmalar səbəbindən ikinci qurumun fəaliyyətsizliyini hardasa anlamaq olar bəlkə də, amma sözümün canı o deyil.

Bəs nədir sözümün canı?

Yaradıcı adam üçün istənilən birlik, Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Jurnalistlər Birliyi və s. istənilən təşkilat mənəvi buxovdan başqa bir şey deyil.

Normal şərtlərdə, normal rəqabət ortamında nə belə təşkilatlara gərək olar, nə də hansısa birliyə. Hamısı Sovetdən qalma, hələ də canımızdan çıxmayan tör-töküntülərdir. Yaradıcı adamları ələ almaq, onları təkləmək, qruplaşdırmaq üçün yaradılmış bu kimi təşkilatlardan da, onların verdiyi mükafatlardan da birdəfəlik imtina etmək lazımdır.

Amma məhz hansısa bir təşkilata bağlı olmaq, kimdənsə mükafat almaq, kiminsə çətiri altına sığınmaq istəyirinizsə, eləsini seçin ki, onların nüfuzu sizinkindən, onların adı sizin adınızdan yüksək olsun.

Yazıya başlayarkən qeyd etmişdim, yenə deyirəm, mükafat alanların arasında şəxsən əla münasibətdə olduğum şəxslər var. Heç kimin xətrinə dəymək istəmirəm, amma məşhur kamança ustası, dahi sənətkar Habil Əliyevin adı ilə danışılan bir lətifəni də xatırlamadan keçməyəcəm:

Onlar verirdi, cəhənnəm, sən niyə alırdın?

ZAUR XUDİYEV, futbolinfo.az üçün

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp