“Keşlə” gözlənilən transferlərdən birincisini reallaşdırdı. Növbətilərin də fərqli olmayacağına sizi əmin edə bilərik. Klubun indiki idarəçilərinin bu yolu tutacağı əvvəlcədən bəlli idi. Komandanın əcnəbiləri məhz buna görə erkən yola salınır, heyət boşaldılırdı.

Bakılılar yüksək məbləğə sıradan futbolçuları heyətə qatmağı planlaşdırır. Bu yolla 6 milyonluq büdcəni dağıtmaq daha rahat olur. Belə oyunçular yayda növbəti dəfə yola salınacaq və yeni transferlər, yəni əlavə asan qazanc üçün şərait yaranacaq. Dünən gətirilən Anatole Abanqla 1 illik müqavilə bağlanması da buna hesablanıb.

Kamerunlu lazımlı və uzun müddət fayda verəcəyinə ümid edilən oyunçu olsaydı, onunla azı gələn mövsümün sonuna kimi anlaşma imzalanardı. Qışda imzalanan birillik müqavilə isə onunla yayda yolların ayrılacağını ehtimal etməyə əsas verir. Ən geci gələn ilin sonunda – mövsümün ortasında ya bu futbolçu ilə yeni bazarlıq ediləcək, ya da onun kimi bir başqasının alınmasına baş qatılacaq.

24 yaşlı mərkəz hücumçusu uğursuz transferdi. Son olaraq Moldovanın “Şerif” klubunda oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın SJK, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib. “Keşlə” peşəkar karyerasına 2014-cü ildə başlayan futbolçunun 8-ci klubu olacaq.

6 ilə 8 klub dəyişən biri heç vaxt ciddi transfer sayıla bilməz. Onun 4 qitə və 8 ölkə dəyişməsi də futbolçudan çox “menecer oyuncağı” olmasını göstərir. Bu yay “Şerif”ə yollanan və cəmi 6 aydan sonra 10 matç keçirdiyi Moldova təmsilçisindən ayrılan oyunçunun mütləq xarakter problemi də var. Belə birinin söyüşü gündəlik ünsiyyət vasitəsi kimi istifadə edən Zaur Axundovun komandasında uzun müddət qalması mümkünsüzdü. Təkcə 2020-də 5 legioneri yarım ili bitməmiş yola salan “Keşlə”nin prezidenti Abanqı da eyni üsulla yola salacaq.

Keçirdiyi 110 matçda 35 qol vurması hücumçunun keyfiyyət göstəricisi ola bilməz. Abanqın hansı səviyyəyə malik olduğunu bircə epizodla qiymətləndirmək kifayətdi. Bu yay “Qarabağ”la Bakıdakı avrokubok matçında Anatole 37-ci dəqiqədə qırmızı vərəqə alaraq tiraspolluları çətin vəziyyətdə qoymuşdu. Onun meydandan qovulduğu an isə gülüşə səbəb olmuşdu. Hücum zamanı Bədavi Hüseynova adi epizodda karate fəndi işlədən kamerunlu məsuliyyətsizliyini ortaya qoymuşdu (videoda həmin anı xatırlaya bilərsiz – red.).

Nədənsə belə oyunçular həmişə Ceyhun Sultanovu “tapır”. “Keşlə”nin yeni idman direktoru “Neftçi”də işləyərkən də bu cür keyfiyyətsiz futbolçuların transferi ilə ad çıxarmışdı. Qısa karyerası ərzində həddindən artıq çox komanda dəyişən, müqavilə bağladıqdan 6 ay sonra qovulan onlarca futbolçu saya bilərik. Flaqmanda bircə matç keçirib qovulan Petru Raku onlardan yalnız biridi. Maraqlıdı ki, o da Sultanovun “hansısa məqsədlərlə” daim əməkdaşlıq etdiyi “Şerif”dən gəlmişdi.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp