“Neftçi” klubunun prezidenti Kamran Quliyev “CBC Sport” telekanalına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, Quliyev, komandaya yeni baş məşqçi axtarışında olmadıqlarını deyib:

“10 gün əvvəl Müşahidə Şurasının qərarı ictimaiyyətə çatdırılmışdı. Amma sonrakı gedişat bizim bu addımı atmağımıza səbəb oldu. Vəziyyət ürəkaçan deyildi. Dostcasına ayrıldıq. Roberto Bordin tərəfdən heç bir şərt irəli sürülməyib. Təbii ki, biz hər şeyi izah etdik. Ona gələcək işində müvəffəqiyyətlər arzuladıq, təşəkkürümüzü bildirdik. Hesab edirəm ki, onun dövrü “Neftçi”nin tarixinə, kitabına yazılacaq. Eyni zamanda, bizim təklif etdiyimiz bütün şərtlərə razılıq verdi və onunla vidalaşdıq.

Bizim güclü komandamız var və Füzuli müəllim də əlindən gələni edəcək, komandamızı daha yaxşı vəziyyətə gətirəcək, daha yaxşı edəcək. Yalnız bundan sonra baş məşqçi barədə söhbət edə bilərik. Bu gün Füzuli Məmmədov bizim baş məşqçimizdir. Hazırda baş məşqçi axtarışında deyilik və komandanı mövsümün sonuna kimi o çalışdıracaq”.

Shares: