Mövsümün ikinci yarısına hazırlığı Türkiyədə davam etdirən “Qəbələ” bu gün toplanış çərçivəsində ilk oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” yoxlama görüşündə Macarıstanın MTK klubu ilə qarşılaşıb.
Budapeşt təmsilçisi ilə görüş “Karvansaray” otelinin meydançalarında baş tutub. Qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə bitib.
Komandalar ötən qışda da yoxlama oyununda üz-üzə gəlib. Antalyada baş tutan həmin matçda “qırmızı-qaralar” 3:2 hesablı qələbə qazanıblar. “Qəbələ”nin qollarına Cavid Hüseynov, Lalavele Atakora və Sabien Lilay imza atıb. Rəqiblər UEFA Avropa Liqasının 2016/17 mövsümündə 2-ci təsnifat mərhələsində də qarşılaşıb. Hər iki görüşdə qalib gələn “qırmızı-qaralar” mərhələ adlayıb – 2:1, 2:0.
132 yaşı olan Budapeşt təmsilçisinin əsası 1888-ci ildə qoyulub. Paytaxt klubu 23 dəfə Macarıstan çempionu olub, 12 dəfə ölkə kubokunu, 2 dəfə superkuboku başı üzərinə qaldırıb. MTK 1963-1964-cü illər mövsümünün UEFA Kuboklar Kubokunun finalçısı olub. Ötən mövsümü uğursuz keçirən komanda yüksək dəstədə 11-ci yeri tutaraq, 2-ci liqaya yuvarlanıb. Cari çempionatın 20 matçında 46 xal toplayan MTK qış fasiləsinə yarışın lideri kimi yollanıb.
“Qəbələ” Antalyada daha üç yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 18-də Rusiyanın “Çayka”, 22-də Bolqarıstanın “Etar” klubu, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.
Yoxlama oyunu
14 yanvar
Qəbələ – MTK (Macarıstan) 0:3
Türkiyə, “Karvansaray” otelinin meydancası.
Qəbələ: Tərlan Əhmədli, Asif Məmmədov (kapitan), Sadiq Quliyev, Ehtiram Şahverdiyev, Faiq Hacıyev, İviça Zuniç, Merab Qiqauri, Qismət Alıyev, Roman Hüseynov, Rövlan Muradov, Yaovi Akakpo.