AFFA Hesabat-Seçki Konfransı keçirmək üçün hətta fevral və ya mart aylarını da gözləməyi lazım bilmədi. Qərar verildi və düz bir həftə sonra Rövnəq Abdullayevin 4-cü dəfə prezident seçilməsi rəsmiləşəcək. Elxan Məmmədovun məhz özü üçün yeni yaratdırdığı icraçı vitse-prezident postuna təyinatı da bu tədbirdə elan olunacaq.
Digər vitse-prezidentlərdən ikisi bəllidi – Elşad Nəsirovla Rauf Əliyev yenə vəzifə başında olacaqlar. Digər müavinlə bağlı ehtimallar dəqiq deyil, lakin bu posta futbol veteranlarından birinin gətiriləcəyi gözlənilir. 13 nəfərlik İcraiyyə Komitəsində cəmi 3 həqiqi futbol adamının olduğunu nəzərə alsaq, Kazbek Tuayev, İsgəndər Cavadov və Vaqif Sadıqovdan biri vəzifəcə digərlərindən üstün olacaq.
Abdullayevin prezident postuna, deməli, həm də İK-dakı bir yerə yeganə namizəd olması eranın dəyişməyəcəyini göstərir. 12 ildi Azərbaycan futbolunun kökünə balta çalanlar yenə missiyalarına davam edəcək. Görünür, artıq narazı azarkeşlərin səsini “yuxarılar” da eşitməzdən gəlir və futbolun durumu ən üst səviyyədə də heç kimi maraqlandırmır. Aradan götürülən və ya baş qaldırılmasına imkan verilməyən alternativlər olmayınca, futbolu yönətmək yenə səriştəsizlərə tapşırılacaq.
Rövnəq bəyin bir yeri tutacağı İK-dakı digər 12 kresloya elə 12 namizəd var. Bu səbəbdən qarşıdakı seçkiləri daha çox təyinat kimi qəbul etməliyik. Baş katib postuna hansısa sıradan bir şəxs təyin olunacaq və əsas səlahiyyətlər icraçı vitse-prezidentə verildiyindən bu vəzifəni indidən formal saya bilərik.
İK-nın 12 digər üzvünə gəlincə, Regional Futbol Federasiyaları İctimai Birliyinə ayrılan yerlərin ikisini köhnələr tutub. İsgəndər Cavadov Qərb Regional Futbol Federasiyası, Kazbek Tuayev Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən namizəd bilinib. Baş katibliklə vidalaşan Elxan Məmmədov isə əvvəllər Cavadovu dəstəkləyən Şimal Regional Futbol Federasiyasının namizədidi.
Peşəkar Futbol Liqası İctimai Birliyi Zaur Axundov (Keşlə), Vaqif Sadıqov (Sumqayıt) və Elşad Nəsirovu (Neftçi) siyahısına salıb. İndiyədək AZAL-ın nümayəndəsi kimi tanınan Rauf Əliyev indi tarixin yaddaşına qovuşdurmaq üçün başqa bir klub tapıb: “Səbail” İK-da məhz sabiq birinci vitse-prezidentlə təmsil olunacaq.
İK üzvlərinin sayının 11-dən 13-ə artırılması ilə daha bir yer qazanan PFL-in 5-ci namizədi Fərid Mansurovdu. Görünür, müstəqil olan “Qarabağ”, “Qəbələ”, “Zirə” və “Sabah” Məmmədovun tapşırığına boyun əyib, qondarma namizədi dəstəkləməyib və belədə PFL öz adından Mansurovu siyahıya salıb. İşi FUTBOL çempionatını təşkil etmək olan qurumun GÜLƏŞ camiəsinin nümayəndəsinə qucaq açması həm gülməli, həm də düşündürücüdü.
PFL prezidenti Ramin Musayev o qədər miskin durumdadı ki, Elxan bəyin heç bir ssenarisinə “yox” deyə bilmir. Və Mansurova görə AFFA-ya yönələn tənqidləri də idarəçilik səriştəsini çoxdan itirən və yalnız “baş üstə” deməyə öyrəşən Musayev sinəyə çəkəcək. Ramin bəy yəqin AGİN-dən bir nəfərə yer verməli olduqları haqda nağıla inandırılıb. Lakin bunu başqa üzvlər də edə bilərdi, güləşçini PFL siyahısına salmaq lazım deyildi. Əvəzində liqanın prezidenti “Qarabağ”, “Qəbələ” kimi aparıcı klubların tərəfini tutmalı, onların namizəd verməsini təmin etməliydi.
Hətta AGİN-ə yer vermək lazımdısa da, bunu Tuayevin sayəsində reallaşdırmaq mümkün idi. Kazbek bəy illərdi nazirliyin nəzdində olan futbol məktəbinin rəhbəridi, İK-da həm də AGİN-in nümayəndəsi sayılmasında problem yox idi.
Sahə Futbol Federasiyaları İctimai Birliyinin namizədləri Firudin Qurbanov və Mahir Məmmədov köhnələrdəndi, lakin bu “əvəzolunmazlar”ı irəli çəkənlər indi fərqli qurumlardı. Əvəzində İctimai Futbol Təşkilatları İctimai Birliyinin ilk namizədi Elmar Məmmədyarov yenə heç bir fəaliyyətindən xəbərimiz olmayan Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən irəli sürülüb. İK-nın ilk xanım üzvü olacaq Könül Mehtiyeva haqda qarşıdakı günlərdə bəhs edəcək, onun niyə önə çəkildiyini açıqlayacağıq. Bununla belə, qeyd edək ki, illərdi AFFA-da çalışan bu xanım Mahir Məmmədov, Elmar Məmmədyarov, Vaqif Sadıqovdan daha layiqli namizəddi.
Beləliklə, qarşıdakı 4 ildə futbolumuzu bu nəhs sayda insan yığını təmsil edəcək. Futbolumuzun uğursuzluğunu “13” rəqəminin üzərinə atmayaq, zatən bu adamların illərdi heç nəyə yaramadığını görürük. Milli komandalarımızın nəticələri, uşaq futbolunun durumu göz önündədi. Görməyən yalnız “yuxarılar”dı, onların görməsi üçün yəqin futbol Azərbaycanda tamamilə məhv olmalıdı.
Elxan Məmmədovu indidən təbrik etmək olar. Əla ssenari cızdı, bütün məkrli planlarını həyata keçirdi və ictimai fikri vecinə almadı. Amma indi onun üçün daha çətin günlər başlayır. Nəhayət, futbolun inkişafını təmin etməlidi. Daha baş katib olmayacaq, həmişə hədəf göstərdiyi İcraiyyə Komitəsinin üzvü, eyni zamanda bütün səlahiyyətlərə malik icraçı vitse-prezident kimi nişangaha daha rahat tuş gələcək.
FƏRİD