Komandalarımız tam tərkibdə Antalyaya köç edib. Ötən əsrin 90-cı illərində, 2000-lərin əvvələrində xəyal görünən təlim-məşq toplanışları 15 ildi adı hal alıb. İndi xaricə üz tutmayan klublara qəribə baxılır…

Azərbaycan futbolu 8 komandalı açıq “Bakı birinciliyi”nə möhtac edilsə də, 5-10 il öncəki iddialı klubların əksəriyyəti dağılsa da, 2-3 komandadan başqa maddi imkanları zəifləsə də, “ağlamağa” dəyməz. Hər birinin ən azından minimum büdcəsi yerindədir, stabildir.

Təbii, boş tribunalar önündə keçirilən çempionat çox zəifləyib. Bölgə klubları yox dərəcəsindədir. Azarkeş marağı, ümumi futbol səviyyəsi aşağıdır. Bu, tək kənardan görünmür. Cavabdehlər nə qədər etiraf etməsələr də, komandalara rəhbərlik edən məşqçilər, meydana çıxan yerli-legionerli futbolçular da etiraf edirlər.

Bununla yanaşı, minimum səviyyə səddi qorunub saxlanılmağa çalışılır. Az da olsa, yeganə müsbət məqamdır. Bunun da əsas səbəbkarı, istiqamətverici qüvvəsi, son illər davamlı qruplarda çıxış edən “Qarabağ”dır.

Səhnədən çıxmış klublar öz yerində, artıq 4-5 ildi “Neftçi”, “Qəbələ”, “Keşlə”(“İnter”) ağdamlılarla sona kimi rəqabət apara bilmirlər. Çempionatın orta/aşağı səviyyə tonusu nisbətən nəfəs alsa da, “Qarabağ” daxili rəqabətsizliyin acısını Avropada, qruplarda artıqlaması ilə çəkir.

“Əsas kəmiyyət deyil, keyfiyyətdir” – bu deyim son illər dillər əzbəridir. Keyfiyyət göstəricisi tək bir klubun yox, 4 klubun avrokuboklardakı ümumi çıxışları ilə ölçülməlidir. Sadə dillə müqayisə etsək, biri 5 min maaş alır, digəri 500. Orta hesabla yalançı göstərici 2750 manat edir.

Futbolda ilk dirçəliş illərini nəzərə almasaq, klubların iddialı dövrlərində də komandalar elə olurdu ki, bir-iki mərhələ keçə bilmirdilər. Hətta elə mövsüm olub ki, indiki “Qarabağ”ın özü avrokubok vəsiqəsindən kənarda qalıb. Bu, uğursuzluq, fiasko sayılırdı. Bununla yanaşı, iddialı klubların Avropaya çıxa bilməməsi daxili, amansız rəqabətin göstəricisi idi. İndi isə klublarımız bir mərhələni belə uğur, qənimət sayır. Bu da çempionatdakı real durumun göstəricisidir.

Təəssüf ki, Azərbaycanda itirəndən sonra qiymət verilir və artıq gec olur. “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ”, “Bakı”, “İnter”, qısa dövr oyanasalar da, təkmilləşmə getsəydi, hətta “Karvan”, “MKT-Araz”ın qruplarda çıxış etməyə imkanları çatır, layiq idilər. “Simurq”, AZAL-n belə qruplara iddia etmək şansları var idi. Bunun üçün klublarda istənilən maddi-texniki baza yaradılmışdı.

Bir tərəfdən rəqabət, günü-gündən artan səviyyə, cəmi 4 vəsiqənin olması aparıcı klublara eyni şansı qazandırmırdı. Digər tərəfdən də ən acınacaqlısı, futboldan uzaq olanların futbola, klublara daraşması idi. Əksəriyyət qrupların xəyal, əlçatmaz olduğunu düşünürdü, böyük futboldan anlayışları belə yox idi. Belə vəziyyət, “pul dağarcıqları” Gede, Adams, Starkov, Toşak, Pokora, Dənizli, Sxadadze, Foqts və digər yerli-əcnəbi mütəxəssislərə də sərfəli idi. Naşı klublarda rahat milyonlarını qazandıqları halda, özlərini niyə yükləməliydilər ki?!

İndi isə yaxın keçmişin futbol həsrəti ilə yaşayan ictimaiyyətin böyük hissəsi futboldan əlini üzüb, az qisminin də nəzəri, qonşu ölkədə klublarımızın hazırlığına yönəlib. Əvvəlki imkan, şərait Azərbaycan futboluna yaxın illərdə qayıtmayacaq. Bəlkə heç vaxt o səviyyədə də olmadı…

Yenə də buraxılan səhvlərdən dərs çıxarılmır. “Neftçi”də Bordin olayının tüstüsü hələ çəkilməyib. Bəzi klublarımız “öhdəlik” götürüblər, bir kluba baxışa gələni digər kluba transfer olunur, legionerlər Hindistanda olduğu kimi “auksion-bazara” çıxarılır. Biri bəyənməsə, o biri mütləq bəyənəcək.

Onsuz da imkanlar məhdudlaşıb. Hər bir transferdə minimum şərtlərlə zərgər dəqiqliyi lazımdır. Əksər klublarda isə seleksiya işi yenə “çayxana” ətrafında həll edilir. Dünyada Azərbaycan çempionatı səviyyəsində çıxış edə biləcək futbolçular onminlərlədir. Klublarımızda “birindən o birinə paslaşması” olmamalıdır. Bu, peşəkarlıq, transfer siyasəti deyil, “bazarlaşmadır”.

Təlim-məşq toplanışlarında yoxlama görüşlərindəki nəticələr faciə deyil. Təbii, hər bir qələbə komandanın özünəinamını artırır. Burada sparrinq-rəqiblərin də seçilməsi, səviyyəsi önəmlidir. Baxır kiminlə oynayırsan, kimə qalıb gəlib, kimə uduzursan. Hazırlığın keyfiyyəti, sonda turnir cədvəlindəki yerlərlə bilinəcək.

Müsbət məqamlardan biri klublarda yerli, orta/gənc məşqçilərin çoxluğudur. Yeni nəsil mütəxəssislər yetişir. Bu şansdan maksimum istifadə edilməli, bəhanələr gətirməməli, öz potensiallarını göstərməyi bacarmalıdırlar. Futbol/klub rəhbərlərinin gözü ölkəmizdə çalışmış “işlənmiş materiallara” tərəf yönəlməməlir. Elə yenilərinin də gəlib “şerif”lik etməsinə ehtiyac yoxdur. Onlara Azərbaycan futbolu yox, pul lazımdır.

Ölkəmizdə əsasən yerli mütəxəssislər tarixi uğurlar qazanılıb və qazanılmaqdadır. Bunun üçün həm yerli məşqçilər var gücləri ilə çalışmalıdırlar, həm də klub rəhbərləri məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinməməlidirlər. Əgər niyyət, futbol biliyi buna imkan verirsə…

TAHİR SÜLEYMANOV, “Futbolinfo” üçün

Shares: