“Zirə”nin yeni transferi Yovan Krneta klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Yovan, yenidən səni “Zirə”də görmək xoşdu. Evinə xoş gəlmisən. “Zirə”də olmadığın bir il yarım müddətdə də azarkeşlər də səni unutmamışdı. Sosial şəbəkələrdə də tez-tez yenidən səni komandada görmək istədiklərini bildirirdilər. Bununla bağlı nə deyə bilərsən?
  • Bunu eşitmək çox xoşdu. Təbii ki, 3 il “Zirə”nin şərəfini qorumuşam. “Zirə”nin ilk Premyer Liqa və avrokubok oyunlarında heyətdə olmuşam. “Zirə”nin ilkləri mənim üçün də ilklərlə yadda qalıb. 3 ili yüksək dəyərləndirirəm. Fikrimcə, azarkeşlər də bu müddəti yüksək dəyərləndirir. Mənə elə gəlir ki, onlara legioner futbolçular həmişə maraqlı olur. Çünki yerli futbolçuları kifayət qədər yaxşı tanıyırlar, amma bir legioner futbolçunun Azərbaycanda 3 il çıxış etməyi onlarda da maraq doğurur. İnanıram ki, yenidən komandaya kömək edə biləcəm. Çox istərdim ki, azarkeşlər oyunlarımıza gəlib bizi dəstəkləsinlər. Bizim onların dəstəyinə ehtiyacımız var. Onların varlığı bizə güc verir və bizi daha mübariz komandaya çevirir.
  • İlk olaraq, qış toplanışı ilə bağlı fikirlərini bilmək maraqlı olardı…
  • Demək olar ki, toplanışın ilk günlərindən komanda ilə birlikdəyəm. Hazırlığın ən yaxşı tərəflərindən biri o oldu ki, son iki yoxlama oyununda qələbə qazandıq. Hazırda çempionatın bərpasını səbrsizliklə gözləyirik.
  • Sən əvvəl də “Zirə”də çıxış edəndə indiki baş məşqçi Zaur Həşimov komandada idi. Onunla işləmək sənə nə dərəcədə rahatdı?
  • Zaur müəllimin futbolçulardan nə istədiyini bilirəm. Qeyd etdiyiniz kimi, daha əvvəl də bir yerdə çalışmışıq. Buna görə də onunla işləmək daha asandı. Buna baxmayaraq, üzərimdə bir az daha artıq məsuliyyət hiss edirəm. O, məni tanıdığına görə gözləntiləri də fərqlidi. Bu etimadı bacardığım qədər doğrultmağa çalışacam.
  • Sənin ilk dəfə “Zirə”də birlikdə oynadığın futbolçuların əksəriyyəti artıq komandada yoxdu. Yeni kollektivə uyğunlaşma necə gedir?
  • Əvvəlki heyətdən Tellur Mütəllimov və İlkin Muradov qalıb. Amma istənilən halda uyğunlaşma asan olmur. Komandada olan həm yerli, həm də legioner futbolçuların hamısı mənim üçün yeni simalardı. Düşünürəm ki, məşqlərdə, oyunlarda özümüzü yaxşı göstərə bilsək, uyğunlaşma prosesi heç də çətin olmayacaq.
  • Qarşıda bizi iki dövrə gözləyir. Vaxtilə “Zirə”nin heyətində avrokuboklarda çıxış etmiş futbolçu kimi komandanı yenidən qitə səhnəsində görə biləcəyikmi?
  • Növbəti oyunlara yaxşı köklənmək lazımdı. Nəzərə alsaq ki, qarşıda 3-4 ay vaxtımız qalıb. Bilirəm ki, Avroliqaya gedən yollar həm çempionatdan, həm də kubokdan keçir. Amma təbii ki, çempionata önəm verməklə yanaşı kubok oyunlarında da özümüzü ən yaxşı tərəfdən göstərməliyik.
Shares: