DÇ-2020-nın elit-raund mərhələsinə hazırlığını oyunların keçiriləcəyi Xorvatiyanın Osiek şəhərində davam etdirən futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva AFFA-nın rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Milli yanvarın 25-dən məşqlərini Osiek şəhərində davam etdirir. Komanda ilə bağlı hansı məlumatları paylaşmaq istərdiniz?
  • Təbii ki, oyunların keçiriləcəyi şəhərə 4 gün əvvəldən gəlməyimiz yaxşı oldu. Məşqlərimizi “Qradski vrt” idman kompleksində davam etdiririk. Bu da həm saat fərqinə, həm də zala uyğunlaşmaq baxımından müsbət məqamdır. İntizam baxımından da komandada vəziyyət qaydasındadır. Uşaqlar çox istəklidirlər və bütün fikirlərini məşqlərə yönəldiblər. Bu gün məşqimizi plan üzrə davam etdirəcəyik. Oyunöncəsi son hazırlıqda isə standard vəziyyətlər və taktiki gedişlərlə bağlı çalışmaları yerinə yetirəcəyik. Artıq Rafael Vilela və Everton Kardoso da komandaya qoşulublar. Düzdür, Kardoso gecə gəlib və o, hələ bu gün komanda ilə ilk məşqinə çıxacaq.
  • Bəs Rafael Vilelanın hazırlıq durumu necə, sizi qane edirmi?
  • Çox yaxşı formadadır. Braziliya çempionatında fasilə yarandıqdan sonra müəyyən axsama hiss olunurdu. Ancaq onun son iki həftəni İspaniyada, yeni klubunun heyətində keçirməsi vəziyyəti xeyrinə dəyişdi.
  • İlk oyuna cəmi 2 gün qalıb. Sizi narahat edən məqam varmı?
  • Ciddi problemimiz yoxdur. Bəzi oyunçularımız var ki, onlar zədələrini yeni sağaldıblar. Xüsusilə də Vassoranın bərpadan sonra tam hazır olmadığını deyə bilərəm. Gündən-günə irəliləyiş hiss olunur, amma fiziki baxımdan hazırda 70-80 faiz hazırdır. Thaqo da zədədən sonra problemlər yaşadı. Ancaq Vassora ilə onun zədəsi fərqlidir və belədə bərpa prosesi də eyni olmur. Vassoranın zədəsi gec sağalanlar sırasındadır. Müqayisə etsək, Thaqo daha yaxşı formadadır.
  • Ümumiləşdirsək, komanda ilk oyuna neçə faiz hazırdır?
  • 80 faiz hazır olduğumuzu deyə bilərəm. İndi qalır komandaya gec qoşulan Vilela və Kardosoya müdafiə və hücumla bağlı tapşırıqları mənimsətmək. Bunun üçün də iki məşqimiz var və ilk oyuna qədər lazım olan informasiyanı onlarla bölüşəcəyəm.
  • Rəsmi oyunlara Xorvatiya ilə qarşılaşmayla başlayacağıq. Rəqibi necə xarakterizə edərdiniz?
  • Bir neçə oyunlarını izləmişəm. Hətta, 2017-ci ildə Qazaxıstan millisində çalışan vaxt onlarla qarşılaşmışıq. Düzdür, qələbə qazanmışdıq, ancaq yaxşı kollektiv olduqlarını vurğulamalıyam. Fiziki cəhətdən güclüdürlər. Heyətlərində fərdi oyun planında seçilən futzalçılar çoxdur. Onlar fərqli oyun sistemində çıxış edirlər. Cinahlarda təkbətək epizodlarda rəqibini keçib, “stolba”ya ötürmə verməyə və çoxsaylı real qol epizodu yaratmağa üstünlük verirlər. Bu cür epizodlarda diqqətli olmalıyır.
  • Bəs digər iki rəqibimiz – Rusiya və Slovakiya haqda hansı məqamları bölüşmək istərdiniz?
  • Rusiya yığması ən çox qarşılaşdığımız rəqibdir. Onlar həm fiziki, həm də fərdi baxımdan seçilirlər, təcrübəli futzalçıların üstünlük təşkil etdiyi kollektivdir. Daxili çempionatları da çox güclüdür. Qrupumuzun favoritidir. Slovakiya ilə isə Bakıda qarşılaşmışdıq. Bildiyim qədər, əsas oyunçularından biri zədələnib və elit-raund mərhələsində iştirak edə bilməyəcək. Yaxşı kollektivləri var. Ümumiləşdirsək, qrupumuzda asan oyun olmayacaq.
  • Komandanın qarşısına hansı tapşırıq qoyulub?
  • Elit-raund mərhələsini minimum ikinci pillədə başa vurmalıyıq. İlk oyundan çox şey asılıdır. Bu matçın nəticəsinə uyğun ikinci görüşün tapşırığını müəyyənləşdirəcəyik. İstənilən halda, biz yenidən dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik.
Shares: