Onun “Neftçi”yə gəlişi sensasiya olmuşdu. “Parni iz Baku”nun liderlərindən olan Bəhram Bağırzadənin futbol təsərrüfatında görünməsi gözlənilməzlik idi.
Amma olan olmuşdu. Müşahidə Şurası ideyasını reallaşdırmaq, “oturtmaq” istəyənlər məşhurların simasından yararlanırdı. AFFA-nın layihəsi olduğundan ilk olaraq, “Neftçi” pilot-klub kimi seçilmişdi,daha sonra proses digər klubların üzərində sınanacaqdı.
Bəri başdan qeyd edək ki, MŞ layihəsi özünü doğrultmadı və bu gün də yamaq kimi görünür. Şurasız fəaliyyət göstərən “Qarabağ” tarix yazmağa davam edərkən, SOCAR-dan/AFFA-dan maliyyələşən klublar hələ də qodarma qurumu yaşatmağa cəhd edir, yalançı iclaslar keçirilir, görüntü yaradılır. Əslində, “müşahidəçilər”in nə idarəçilikdə, nə də ümumiyyətlə, futbolun inkişafında heç bir rolu yoxdu.
2015-ci il martın 15-də “Neftçi”nin Müşahidə Şurasının təqdimat mərasiminin SOCAR-ın binasında keçirilməsi də maraqlı fakt idi. Görünür, yeniliyi həm neft şirkətinin, həm də AFFA-nın prezidenti olan Rövnəq Abdullayevin dili ilə elan etmək layihənin ideya müəlliflərinin planı idi, Azərbaycanda real perspektivi olmayan addıma don geyindirirdilər.
Prosesə sonradan pul davası edən Çingiz Abdullayev (onun paketinin 10-20 min manat aralığında olduğu deyilir və bu məbləğ hər ay kartına köçürülür), simasını futbolda korlamayan Fərhad Bədəlbəyli və haqqında yazmağa məcbur olduğumuz Bəhram Bağırzadə kimi adlar daxil edildi. Və bütün bunlar guya idarəçilikdə yenilik etdiklərini göstərmək üçün idi. Zaman göstərdi ki, olanlar şoudu və heç bir faydasını görmədik. Futbolu onun mütəxəssisləri inkişaf etdirə bilər, 5-10 manat qazanmaq üçün məqsədli gətirilənlər yox.
Ümumiyyətlə, Müşahidə Şurasının üzvləri maaş almamalıydı, onlar kluba sponsorluq edən qurumların rəhbərləri, nümayəndələri olmalıydı. Elə MŞ layihəsini bünövrədən məhvə məhkum edən də bu prinsipə əməl edilməməsi oldu. Və o zaman 3000 manat maaşa şura üzvü olmağa razılaşan Bağırzadə 20 aydan sonra, yəni, 60 min manat qazandıqdan sonra istefa verdi.
Doğrusu, Bəhramın getməyi bacarması faktı da alqışlanmalıdı, bunu da hər adam bacarmır. O, gec də olsa, 2016-cı ilin noyabrında anladı ki, bu sahədə olmaq imicini zədələyir və kimlərsə onların simasından yararlanıb, futbolun başında dəlləklik edir. Amma…
…Bağırzadənin yaxınlarda Murad Arifin verilişində dedikləri adamın düşüncələrini alt-üst edir. Dünən özünü “Neftçi” azarkeşi sayan Bəhram, indi qətiyyətlə bu klubun tərəfdarı olmadığını deyir. Azarkeşlər arasında böyük müzakirəyə səbəb olan, “şən və hazırcavab” oğlanın sosial şəbəkədə rüsvay edilməsinə səbəb olan müsahibədən kiçik hissəyə təqdim etdiyimiz videoda baxa bilərsiz.
Bəhramın aparıcının onun “Neftçi”nin Müşahidə Şurasının üzvü olması barəsində xatırlatmasına reaksiyası maraqlıdı. Qulaqlarını çəkir və “kış-kış” deyir. Sanki qorxulu yuxu, xoşagəlməz vəziyyət imiş. Bu, həm özünün dünəninə, həm “Neftçi”yə, həm də şuranın hazırkı üzvlərinə hörmətsizlikdi.
AFFA israrla şura üzvlərinə pul verilmədiyini deyir. Bəhram bəy də açıqlamasında ilk öncə hansısa ödəniş almadıqlarını bildirir, sonra isə müəyyən maaşın olduğunu etiraf edir.
Murad Arifin “Neftçi” azarkeşlərinin Bəhramı “Qarabağ”a azarkeşlik etməkdə qınamasını dilə gətirməsi aktyora qəribə gəlir. Aparıcı bakılıların onu “Neftçi”nin siması saymasını, klubda vəzifə tutmasını xatırladır. Bağırzadənin cavabı maraqlıdı: “Onlar sayır, mən yox”.
Bəhram “Neftçi”yə 80-ci illərdə azarkeşlik etdiyini dilə gətirir və indi heç kimi tanımadığını bildirir. Onun ümumiyyətlə, bu klubla maraqlanmadığını deməsi qəribədi, lakin 2 il öncə rəhbərlik arasında yox, azarkeşlərlə birlikdə tribunada əyləşməsini deyəsən, unudur. Yəqin 3000 manata görə rol oynayırmış.
Sonda Bağırzadənin istefa verərkən sosial şəbəkədəki hesabında yazdıqlarını da xatırladaq: “Özümü dərk etdiyim həyatım boyu “Neftçi”nin sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Çalışırdım ki, “Nefçi”nin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək edim. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu. Çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular “Netçi”nin yüksək adına uyğun olmaq istəmirlər! “Neftçi”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm. Öz adımdan bütün azarkeşlərə “Netçi”nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil! Bu vəziyyətlə əlaqədar istefa verirəm və “Netçi”nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim”.
Öncə Bəhram özü qərar versin: azarkeşdi, azarkeş deyil? Bəlkə indiki “Neftçi”nin azarkeşi kimi görünmək istəmir, hər səfərə xərclərini təmin edən “Qarabağ”la yanaşı olmaq onun üçün daha yaxşıdı?
Hansısa qondarma Müşahidə Şurasının üzvü deyiləm. Sadəcə, müşahidəçiyəm və 3 il ərzində bir məşhurun neçə dəfə dəyişdiyini müşahidə edirəm. “Karusel”di, fırlanır, bəlkə gələn il yenə “Neftçi” azarkeşi oldu?
FƏRİD
Təqdim etdiyimiz videoda 58-ci dəqiqədən etibarən izləyin: