Fəaliyyətini dayandırmış “Şərurspor”un prezidenti Sərdar Bağırov Sportinfo.az-ın suallarını cavablandırıb.
Futbolinfo.az həmin müsahibəni təqdim edir:
- Sabah AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Sizin bu konfransdan gözləntiləriniz nədir?
- Heç nə, formal bir konfrans olacaq. Bir nəfər danışacaq, qalanları da əl çalacaq.
- Çox güman ki, sabah federasiyada yeni təsis edilən icraçı vitse-prezident postunu baş katib Elxan Məmmədov tutacaq. Necə fikirləşirsiz, Məmmədov futbolda bu qədər irəli çəkilməyə layiqdir?
- Elxan Məmmədovun icraçı vitse-prezident olacağını dəqiq bilmirik. Əgər o olacaqsa, təbii ki, layiq deyil. Elxan Məmmədov ümumiyyətlə Azərbaycan futbolundan getməlidir. Başqa heç nə danışmağa ehtiyac da yoxdur. Qısa və konkret – Elxan Məmmədov futboldan uzaqlaşdırılmalıdır. Onunla yanaşı, bütün AFFA rəhbərliyi tutduğu vəzifədən istefa verməli, struktur tamamilə yenidən qurulmalıdır. Federasiyaya işləyən adamlar, Azərbaycanın veteran futbolçuları dəvət olunmalıdır. 3-4 alternativ namizədlər olmalı, normal seçki keçirilməli və AFFA-nın tərkibi büsbütün yenidən seçilməlidir. Bir nəfəri alternativsiz səsə qoyub seçmək formal xarakter daşıyır.
- Baş katibin Azərbaycan futbolunda bu qədər uğursuz olmasına baxmayaraq, gündən-günə iddiasını artırmasını, irəli çəkilməyə can atması nədən irəli gəlir – acgözlüyündən, yoxsa dayaqlarının güclü olmasından?
- Bilmirəm, onun dayaqları kimdir-nələrdir. Yəqin ki, burada əsas rolu tamah oynayır. Ümumiyyətlə, orada oturan adamların heç birinin futbola aidiyyatı yoxdur.
- Hələ bir neçə il əvvəl müsahibənizdə demişdiz ki, Azərbaycan futbolundakı “qumarı”ın başında bunlar dayanır.
- Bəli. Düzdür, o şəxslərin adlarını indi çəksəm, faktiki əlimdə sübut yoxdur. Çünki bu işlərini o qədər gizli aparılar ki, isbata yetirmək çətindir. Ancaq məlumdur ki, bu gün oyun alqı-satqılarını idarə edənlər konkret olaraq AFFA rəhbərliyində yer alan şəxslərdir. Mətbəxdə bişirilən yeməyə aşbazdan xəbərsiz mal ətinin əvəzinə eşşək əti vurmaq olar? Futbol da bir “mətbəx” sayılır, başında dayanan özləridir. Onlardan xəbərsiz heç kim bir iş görə bilməz.
- AFFA yaxınlarda 41 futbol adamını bu sahədən uzaqlaşdırdı. Maraqlıdır ki, bu qədər adam futboldan qovulsa da, klublarla bağlı konkret bir cəza tədbiri görülməyib. Amma beçə il əvvəl oyun altı-satqısında “Şərurspor”un adı çıxdı, klub dağıldı…
- O vaxt “Şərurspor”un adını qəsdən hallandırdılar. Ancaq komandanın bir futbolçusunun belə, adı oyun alqı-satqısında şübhəli bilinənlərin siyahısında yer almamışdı. Klubumuzun adını “qara siyahı”ya salmaqda da məqsədləri bizi özlərinə yaxın buraxmaq istəməmələrindən irəli gəlirdi. AFFA necə ki, Hafiz Məmmədov, Mübariz Mənsimov və digər iş adamlarını sıxışdırıb futboldan uzaqlaşdırdı, eləcə də məni. Hərəni bir yolla şərləyib kənarlaşdırdılar. Məsələnin digər tərəfi də var: indi mən müsahibəni tək sizə verirəm, ancaq mətbuatın 90 faizi onlara işləyir. Əlbəttə ki, mətbuat da onların sözünü, dediklərini yazacaq. Məqsədləri məni həbs etdirmək idi. AFFA rəhbərliyi bunun üçün reklam bazarı ən baha olan ATV telekanalında mənim həbs olunmağıma dair xəbər də hazırlatdırmışdı. O xəbəri ATV telekanalına kim ötürmüşdü? Əlbəttə ki, bunlar özləri. Konkret olaraq deyə bilmərəm ki, Elxan Məmmədov idi, amma əminəm, mənim həbsdə qalmağım üçün federasiya rəhbərliyindən cəhd edənlər olmuşdu.
- Sonu necə oldu?
- Haqq-ədalət yerini tapdı. Qanunların işlədiyi güclü dövlətimiz var. Hər şey araşdırıldı. ATV-də göstərmişdilər ki, guya, mənim Bakıda restoranlarım, şadlıq evlərim var və vergidən yayınmışam. Mən də demişdim ki, əgər mənim belə mülklərim varsa, hamısını onlara hədiyyə edirəm, gedib götürsünlər.
- Bakıda biznesiniz yoxdur?
- Xeyr, heç bir biznesim yoxdur.
- Niyə onda məhz vergi məsələsini ortaya atmışdılar?
- Ləkələmək üçün.