“Hər şeyi öz aramızda – kabinetdə həll etmişik. Bu gün bura sadəcə, quş qoymağa, rəsmiləşdirməyə yığışmışıq. Dövlətin başı mənim olmayacağım parlament seçkilərinə qarışıb. Biz də fürsətdən istifadə edib, başı qarışıq olan “yuxarılar”ın gözündən yayınmışıq və 12 illik fəaliyyətimizi 16-ya uzatmaq istəyirik. Kim nə deyir, yazır – özü bilər, futbol bizimdi, bura xərclənməli olan pulları heç kimə güzəştə getməyəcəyik. Elxan Məmmədovun yazdığı ssenarini bəyənmişəm və reallaşdırılmasına razıyam”.

AFFA prezidenti Rövnəq Abdullayev qurumun bu gün baş tutacaq Növbəti Hesabat-Seçki Konfransını bu açılış nitqi ilə başlasa, daha ədalətli olar. Təbii ki, o, fərqli şeylərdən danışacaq, olmayan inkişafdan bəhs edəcək, futboldan söz salmaq əvəzinə, onun ətrafında gəzişəcək. Nitqi quruyanda sözü sabiq baş katibə verib, əl çalacaq.

*

Elxan Məmmədovu bir daha təbrik edirəm. Rəqabətsiz çempionatda qələbəsi münasibəti ilə. Bir mətbuat konfransı keçirmək səriştəsi olmayan Nazim Süleymanovun, iddiasını dilə gətirməyə qorxan Orxan Məmmədovun alternativcik sayıldığı yarışda mütləq qalibdi. O boyda arxası varkən zəifləri tar-mar etmək təbiidi və bunu bacardı. İstədiyi planı cızdı, reallaşdırdı və bu dəqiqələrdə ürəyinə su səpilir. Amma bu, rəqibin olmadığı bir yerdə, xəlvət dərədə tülkünün bəyliyinə oxşayır. Hələ ki, hiylələr əsas silahdı və qalib gəlmək üçün yetərlidi. Çünki aslanlar yuxudadı, önündəki dovşanların dərisini üzmək asandı.

Məmmədov və himayədarları hər nə qədər möhtəşəm güc kimi görünsələr də, çox zəif qüvvədilər. Bəli, əzələ gücünə çox şeyə nail olurlar, amma qaranlıq işləri, günahları o qədər çoxdu ki, üstünün açılmasından qorxurlar. Bilirlər ki, ilmək bir yerdən “qaçsa”, corab sökülə-sökülə gedəcək. Təsadüfi deyil, veteranların ölkə başçısına müraciət edəcəyini bilən kimi altlarını islatdılar.Mətbuat konfransının keçiriləcəyi otelin məhz altına su sızması ilə Məmmədovun dəstəsinin vəziyyəti arasında rəmzi oxşarlıq var. Bəlkə də restoranı basan su elə bunların qüsuru imiş.

Amma güclüdülər, bacardılar, hətta prezidentə edilən müraciətin effektini azaltmaq üçün oyun təşkil etməkdən çəkinmədilər. Və onlar bu gün 4-cü dəfə hakimiyyət müddətlərini uzadacaqlar. Görünür, Azərbaycanda futbolun kökünü kəsmək üçün zaman çatmayıb, daha 4 ilə ehtiyac var. Bu dəfə Avro-2020 çətiri altına sığınıb, kölgələnirlər.

*

Əla kampaniyadı. Milli komandaların uğursuzluqlarını pərdələmək, əsas yığmanın son seçmə mərhələdə tarixin ən pis göstəricisinə imza atmasını unutdurmaq üçün şoular təşkil edirlər. Öncə danışılmış oyunlar kartı ilə kimlərsə susduruldu, planlar diqtə edildi, indi də Elxan Məmmədov Çempionlar Liqasının finalını Bakıya gətirməkdən bəhs edir. Dövlətə 80 milyon dollar xərclətdirib Avropa Liqasının finalını Bakıya saldıranlar, onu üz-gözünə bulaşdıranlar “yuxarılar”ı aldatmağa cəhd edir, lazımlı kadrlar olduqlarına inandırmaq istəyirlər. Halbuki o biabırçı təşkilatçılıqdan sonra UEFA heç bir məbləğə razı olub imicini korlamayacaq.

Avro-2020 də bir təsadüf idi, 250 milyonluq reklam anlaşmasının qarşılığında razılaşdılar. Yarışın yubileyi münasibəti ilə məsləhət bilinən uğursuz layihədən bizə də bir qismət pay düşdü, bir də belə səhv olmayacaq. Ona görə də əmin olun – nəinki ÇL, hətta Avroliqa finalı da bir daha Bakıda keçirilməyəcək. Elxan Məmmədov boş vədlə özünü reklam edir.

Hətta hansısa mötəbər yarışın ölkəmizə salınması da AFFA-nın, onun rəhbərliyinin uğuru deyil. Ölkəmizin imkanları qənaətbəxşdi və bu şərəfə də yalnız əmin-aman, müasir Bakı layiq olub. AFFA-nın nəyi bacardığını nəticələr göstərir.

*

Konfransqabağı təbliğat kampaniyalarında biri də futbol ailəmizin 200000-ci üzvünün elan olunmasıyla bağlıdı. Gülməli rəqəmdi. Hətta bu qədər əhalisi olan ölkələr millilərimizə dərs keçir, bizimkilər isə süni say artımı ilə məşğuldu. Heç Premyer Liqanın bütün matçlarını il boyunca bu qədər adam izləmir. Kimi aldadırıq?

Hamısı təfərrüatdı, onsuz da yiyəsizlik hökm sürür. Heç kim AFFA rəhbərliyindən hesabat istəmir və onlar hər şey gül-çiçəkmiş kimi növbəti dəfə alternativ seçki keçirib, öz təyinatlarını rəsmiləşdirirlər. Bəlkə də bu sahəyə məsul şəxslər nəvaxtsa ayılacaq, komada olan futbolumuz isə bugünkü təyinatlardan sonra bir daha ayılmayacaq.

CAVAD

Shares: