AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıqov İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

– Milli komandanın baş məşqçisi olmağa namizədlərin siyahısı uzun olsa da, hər kəs ayrı-ayrı fikirlərini bildirdi. İcraiyyə Komitəsinin üzvləri olaraq namizədlərin siyahısında yerli baş məşqçinin olmasının da tərəfdarı olduq.

– Yerli baş məşqçi namizəd bir nəfər olacaq?
– Bir yox, bir neçə mütəxəssis olacaq. Ancaq tək yerlilər deyil, xarici məşqçilər də olacaq. Hazırda aşağı yaş qrupları üzrə yığma komandalar yaradılıb. İndi milli komandayla bağlı məsələ qalıb. Əsas milliyə yaxın olan komanda – 23 yaşlılardan ibarət olan yığma yaradıb, ora yerli baş məşqçi gətirilməsini istəyirik.

– Yerli namizədlərin adlarını deyə bilərsiz?
– Xeyr, ad çəkmək üçün tezdir. Azərbaycanda yaxşı məşqçilər çoxdur.

– AFFA-da vitse-prezident sayı artdı, ancaq Premyer Liqada komanda sayı artmadı. Say baxımından yeniliklər olacaqmı?
– İclasda bu məsələ də müzakirə olundu. Amma sayın necə olacağını deyə bilmərəm. Bölgələrdə komandaların sayını artırmaq lazımdır.

– Birinci divizionun formatında nələrsə dəyişiləcəkmi?
– Tövsiyə edirik ki, Premyer Liqada olan dəyişikliklər 1-ci divizionla bağlı da olsun. Bu əlaqəni düzəltsək, vahid sistem əldə edə bilərik. Bu yöndə işlər aparılır. (komanda.az)

Shares: