AFFA-da yenilənmə tamamlandı. Fərdlər dəyişmədi, sistemə kosmetik əl gəzdirildi, indiki rəhbərliyin hakimiyyətinin möhkəmləndirilməsi üçün qərarlar qəbul edildi. Ölkə futbolunun bərbad durumu nəzərə alınmadı, kimsə cəzalanmadı, qınanmadı və ən azı Avro-2020 bitənə kimi belə davam edəcək. Görünür, ictimaiyyətin narazılığı kimsənin, hətta ölkə başbilənlərinin də vecinə deyil.
Hesabat-Seçki Konfransında xüsusi nəsə olmadı. Ənənəvi prosedurlar keçildi, hesabatlar verildi. Təmtəraqlı videoşarxlar, alovlu nitqlər – sanki milli komandamız seçmə mərhələni 1 xalla yox, 1-ci pillədə başa vurub. Alqışlar, məmnunluq ifadələri və s. Yanvarın 28-nə təyin edilən 28-ci konfrans 13 üzvün seçilməsi və hakimiyyətin 13-cü ilinin startı ilə əlamətdar oldu.
Təbii ki, qurumun rəsmi saytında 2019-cu ilə dair bütün hesabatlar açıqlanandan sonra yazılarımız olacaq. Yenə 30 milyon manatla ölçülən AFFA büdcəsinin necə idarə olunması barədə fikirlərimizi, mənfi və müsbət məqamlarla bağlı qeydlərimizi çatdıracağıq. Hələlik sistem dəyişikliyi və bəzi açıqlamlarla bağlı bölüşməli məqamlar var.
Hər şey AFFA-nın baş katibi Elxan Məmmədovun ssenarisinə uyğun reallaşdı və o, fikirlərini, ideyalarını diqtə etməyi bacardı. Demək olar, gözlənilməz nəsə olmadı, yalnız iki postu əlində saxlaması qeyd edilməlidi. Məmmədov müavini Sərxan Hacıyevin baş katib postuna gəlişini istəmədi və özünü burada da saxlatdı.
“Sizin yeni vəzifəyə təyinatınız hansı ehtiyacdan yarandı” sualına cavabda Məmmədov yalan danışdı: “Hər zaman çalışmışıq ki, səmimi olaq. Şəffaf suallara cavab verək. İlk növbədə, islahatlara baxsaq, iki deyil, üç vitse-prezident var. Əvvəlki iki vitse-prezident AFFA-da oturmurdu. İcraçı vitse-prezidentin artıq daimi iş yeri olacaq. Əlavə vitse-prezidentin də. Bizdə əvvəldən vitse-prezident sayı çox olmalı idi. Əvvəlki illərdə olan vitse-prezidentlər bizimlə işlərimizdə əməkdaşlıq edirdi, ancaq AFFA-da olmurdular. İndi həm icraçı-vitse prezident, həm də vitse-prezident Vaqif Sadıqov daimi AFFA-da olacaq. Bir müddət əvvəl UEFA-da komitə sədri oldum. İcraçı vitse-prezident olaraq, artıq UEFA-da da daha geniş imkanlarımız olacaq”.
Elxan bəy bu cavabla UEFA-da irəliləmək üçün çalışdığını və daha çox öz mənafeyini düşündüyünü bir daha göstərdi. Guya ki, baş katib olması müəyyən pillələri adlamaqda ona problem yaradır və vəzifəsinin artırılması yardımçısı olacaq. Bəlkə də doğrudu, amma bunun üçün bütün səlahiyyətləri əlində toplaması gərək deyildi. Adi vitse-prezident seçilə və arzusuna çata bilərdi. Bütün səlahiyyətlərə yiyələnməsi həm də ölkə daxilində – AFFA-da sabahı düşünməsindən irəli gəlir.
Rauf Əliyev və Elşad Nəsirovla yanaşı, yeni təsis edilən daha bir vitse-prezident postunun Vaqif Sadıqova həvalə edilməsi proqnozlaşdırılırdı. “Sədaqətli xidmət”ə görə veteran futbolçu çoxdan bunu “haqq etmişdi”. İllərdi heç bir uğuru olmadan vəzifələrə təyin olunan Sadıqov yenə ön planda olacaq. Amma İcraiyyə Komitəsinin iclasından sonra İsgəndər Cavadovun sifət cizgilərindən onun aldadıldığı hiss olunurdu. Bizdə olan məlumata görə, vitse-prezidentlik ona vəd edilibmiş və əlində müəyyən səs yazıları da var. Lakin son anda vəziyyət elə dəyişdirildi ki, futbolçu kimi onun əlinə su tökməyə layiq olmayan Sadıqov başa keçdi.
Elxan Məmmədov sistem dəyişikliyi ilə özünün məsuliyyət yükünü də azaltdı. Ağıllı manevr etdi – vəzifə və səlahiyyətləri artdı, cavabdehliyi azaldı. Oyuna gətirdiyi İcraiyyə Komitəsinin üzvlərinin hərəsini bir sahəyə kurator təyin etdirdi. Bundan sonra uşaq futboluyla bağlı ittihamlar birbaşa Rauf Əliyevə yönələcək, milli komandanın uğursuz nəticələriylə bağlı Elşad Nəsirov qınanacaq və s.
Oyunu başladan bitirdi. Məmmədovu həm yeni vəzifə, həm əvvəlki postunda paralel olaraq qalması, həm də yazdığı uğurlu ssenari münasibəti ilə bir daha təbrik edirik. Oyun bitdi, yarışsa davam edir. Növbəti matçda görüşənədək.
FƏRİD