AFFA rəhbərliyi rahat nəfəs alır. Fürsətdən istifadə edib, Konfrans keçirdilər, növbəti 4 il üçün hakimiyyətlərinə zəmanət verən seçkini reallaşdırdılar. Hamının başının parlament seçkilərinə qarışdırdığı bir vaxtda dərəni xəlvət görüb, bəylik elan etdilər.
AFFA-nın baş katibi Elxan Məmmədov çox ağıllı və fürsətcildi. Ölkədəki sistemə uyğun hərəkət edir. Sakitlik, əmin-amanlıq lazımdı və o da bunu təmin edir. Veteranların didişməsini, digər iddialıların kreslo davasını önləmək üçün taktika işlətdi, “yuxarılar”da bunun razılığını aldı. Cavan oğlan özünü bacarıqlı biri kimi göstərdi, çünki ümumi strategiyaya uyğun hərəkət etdi, hər şeyi sakitcə yoluna qoydu.
Hələlik pərdə arxasında başverənlər gözə görünmür. İcraçı vitse-prezident postunu yaratmaq, özünü faktiki ölkə futbolunun ağasına çevirmək, hətta baş katib postunu da əldən verməmək – bütün bunlar şəxsi ambisiyalara hesablanıb. Müxtəlif bəhanələrlə məhz belə olmasının vacibliyinə hamını inandırıb. Fərasətlidi…
Hər şey yaxşı olsaydı, futbol ictimaiyyəti də razı qalardı. Lap istəyir 10 vəzifə tutsun, hər şeyi ələ keçirsin, təki ortada nəticə olsun. Amma 13 ildi futbola tam hakim olan Məmmədovun nəticələri biabırçıdı. Uşaq futbolu bərbad, milli komandaların nəticələri ildən-ilə pisləşir, azarkeş marağı, kütləvilik və s. ən arzuolunmaz həddədi. Və indi heç bir bəhanə üçün imkan yoxdu. Hər şeyə birbaşa Elxan bəy cavabdehdi, hakimi-mütləq olan bu şəxs hər xırda uğursuzluğun günahkarı kimi hədəfə gələcək.
Avro-2020-nin final mərhələsinin Bakıda keçirilməsi hazırda onu qoruyan əsas çətirdi. Bu yarış bitdikdən sonra əsl sorğu-sual zamanı olacaq. Ölkə futbolunun real durumuna qiymət vermək lazım gələndə baş katibin bəhanəsi olmayacaq. 6 ay, maksimum 1 il vaxt var ki, vəziyyət kökündən dəyişsin. Məmmədov bunu bacarsa, lap əla, bacarmasa…
Əslində, bacarması mümkün deyil. Ötən 13 ildə onun səriştəsizliyinə hamı şahid olub. Kabinet planlarında mahirdi, oyun qurmaqda, kimisə sıradan çıxarmaqda, özünə dəstək toplamaqda əvəzi yoxdu, iş əsas məsələyə – futbolun inkişafına gələndə isə heç nəyi bacarmır, başqalarını hədəf göstərir, bəhanə axtarır. Lakin nəvaxta kimi?
Həyat özü bumeranqdı. Qurban Qurbanov da nəticələri ilə çox irəli getmişdi, onu milli komandaya gətirib, 6 illik müqavilə bağladılar, lakin ilk uğusuzluqdaca yola saldılar. Onu nə nəticələri, nə də ictimai dəstəyi qorumadı – 6 illik müqavilə yada da düşmədi. Bu oyunun başında olan Elxan Məmmədov indi Konfransın yekununa görə 4 illik hakimiyyət qazanmasına arxayın olmasın, ona kifayət qədər zaman verilib və uzağı ilin sonuna kimi vaxtı var. Buyursun, bacarığını sübut etsin, əks halda, başqaları üçün hazırladığı tələlər indi onun özünü ağuşuna alacaq. Qaradan tünd rəng yoxdu…
AĞA