AFFA rəhbərliyi Konfrans keçirdikdən sonra daxildə prosesləri nizamlamış oldu. Artıq dəyişikliklə bağlı hər hansı qorxu yoxdu. İndi daşları yerinə oturtmaq, planları nizamlamaq və sabah üçün addımlar atmaq zamanıdı.

Həyat mübarizədi, yaşamaq istəyirsənsə, bir an rahatlaşmaq olmaz. Düzgün işləmirsənsə, yaşamırsansa, hər an təhlükədəsən, xoşbəxt günlərin bir andaca bitə bilər.

AFFA rəhbərliyi də ehtiyatı əldən vermir. O qədər bərbad işləyirlər ki, ölkə futbolu faciəvi durumdadı və onları hər an dəyişmək, qovmaq, əvəzləmək ehtimalı gözləyir. Hələlik alternativ qüvvə yoxdu – hamısı zamanında ya məhv edilib, ya da min üsulla susdurulub. Amma bir gün – indikilərin bacarıqsızlığını “yuxarılar” da qəbul edəndə həmin alternativ qüvvə “zühur edəcək”. İndiki halda isə AFFA başbilənləri rahat kreslolarını kiməsə verməyəcək. Buyursunlar, iddia edənlər daha yaxşı, daha bacarıqlı, daha hiyləgər olduqlarını sübut etsinlər.

Vaxtilə belə iddiaya düşən çox adamın izi-tozu itirilib. AFFA rəhbərliyi çox qisasçıdı, fürsəti əldən vermir, heç kimi bağışlamırlar. Həmin namizədlərin özləri də səhvə yol verdi və bunu onlara keçmədilər. Proses hər zaman aktualdı.

Son Konfransda birinci vitse-prezident Rauf Əliyevin vəzifəsi azaldıldı və o, tamamilə sıradan çıxarıldı. “Yuxarılar”da böyük hörmətə sahib olan İsgəndər Cavadov haqda “işləməyi bacarmayan şəxs” imici çoxdan formalaşdırılıb, o qala-qala Vaqif Sadıqov kimi uğursuz, amma yarınmağı bacaran birinin vitse-prezident təyin olunmasıyla “11 nömrə”nin da axırına çıxıldı. Artıq daxildə qorxulu qüvvə qalmayıb, kənarda isə yalnız Nazim Süleymanov qan qaraldır.

Azad Həmkarlar İttifaqı yaradaraq veteranları ətrafına toplayan Nazim bəy hələlik bir sıra səhvlər edir. Təşkilatçılıq bacarığı yaxşı deyil, güclü qüvvə kimi görünmür. Amma ölkə başçısına müraciətləri sıradan olay deyildi, gərginlik yaratdı. Həmin müraciətdə real problemlər qabardılmışdı.

İndi həmin məktuba cavab verilməlidi. Verilənə kimi isə AFFA boş dayanmayacaq. Bizdə olan bilgiyə görə, tezliklə mətbuatda Süleymanovla bağlı imic korlayan xəbərlər, yazılar yayılacaq və ya müəyyən yanlış informasiyalar raport halında lazım olan yerlərə təqdim ediləcək. Bununla da Nazim bəyin sağlam qüvvə olmaması haqda fikir formalaşdırılacaq. Qisas almaq, gözdən salmaq üçün ləkələmə kampaniyası uzaqda deyil.

Daha sonra növbə həqiqətləri yazan, AFFA rəhbərliyinə boyun əyməyən jurnalistlərə də çatacaq. Baş katib Elxan Məmmədov son mətbuat konfransında zatən bunun siqnalını verdi. Yeni icraçı vitse-prezident onları tənqid edənlərə qarşı siyasətlərinin dəyişməyəcəyini dilə gətirdi – ya susmalı, ya da kənarda qalmalısan. Susmayanları başqa üsullarla susdurmağa cəhd edəcəklər. “Bizimlə deyilsənsə, düşmənsən”.

İzləmədəyik…

FƏRİD

Shares: