İllərdi biz də bunu deyirik. İndi isə AFFA rəhbərliyi özü etiraf edir. Bu, həm də qərəzsiz olmağımızın, həqiqətii yazmağımızın etirafıdı. İllər keçib və özləri də anlayıb ki, mətbuat haqlıdı.

AFFA-nın son Konfransında İcraiyyə Komitəsinin üzvlərini “əlqaldıran” statusundan azad edib, həm də aktiv fəaliyyətə sövq edəcək qərar qəbul etdilər. Dünya praktikasında da var – bundan sonra İK üzvləri müəyyən sahələrə cavabdeh olacaq. Qurumun hər üzvü bir istiqamətə diqqət göstərəcək, problemlərlə daha yaxından maraqlanacaq. Yekunda hansı sahədə problem daha çox olsa, tənqidlər həm də onlara yönələcək.

Mütərəqqi addımdı, reallıqda nə olacağını isə zaman göstərəcək. Bölgü aparıldı, lakin işin faydalılığını əməldə sübut etmək lazımdı. Yalnız nəzarətçi olmaqla iş bitmir, istiqamətverən, problemi həll edən olmaq, məsuliyyəti üzərinə götürmək də vacibdi.

AFFA-nın köhnə-yeni baş katibi Elxan Məmmədov son mətbuat konfransında maraqlı bir fikir də səsləndirdi. O, mətbuatın yazdıqlarını təsdiqlədi və özü də bilmədən təmsil etdiyi qurumun qüsurunu üzə çıxardı. Bəlkə də bunu bilərəkdən etdi, axı, icraçı vitse-prezident postuna yüksələndən sonra bütün səlahiyyətlərə sahibdi. İndi o, vitse-prezidentlərə yox, vitse-prezidentlər ona tabedi.

Məmmədovdan sitat: “İlk növbədə, islahatlara baxsaq, iki deyil, üç vitse-prezident var. Əvvəlki iki vitse-prezident AFFA-da oturmurdu. İcraçı vitse-prezidentin artıq daimi iş yeri olacaq. Əlavə vitse-prezidentin də. Bizdə əvvəldən vitse-prezident sayı çox olmalı idi. Əvvəlki illərdə olan vitse-prezidentlər bizimlə işlərimizdə əməkdaşlıq edirdi, ancaq AFFA-da olmurdular. İndi həm icraçı-vitse prezident, həm də vitse-prezident Vaqif Sadıqov daimi AFFA-da olacaq. Bir müddət əvvəl UEFA-da komitə sədri oldum. İcraçı vitse-prezident olaraq, artıq UEFA-da da daha geniş imkanlarımız olacaq”.

Söhbət Elşad Nəsirov və Rauf Əliyevdən gedir. Bu, AFFA-da oturmayan sözügedən şəxslərin həm də işləmədiyinin etirafıdı. Vaqif Sadıqovla eyni statusdadılarsa, o zaman nəyə görə onlar AFFA-da oturmamalı, işləməməlidilər? Ola bilsin, mühüm dövlət işləri var, biz də elə onu deyirik. Belədisə, AFFA-da futbola can yandıran, lazım olduğu qədər vaxt ayıran insanlar işləməlidi. Nəsirovla Əliyev lazımsızdılarsa, nəyə görə yenə İK üzvü seçildilər?

Ən pisi odur ki, İK üzvləri arasında səlahiyyət bölgüsü aparılarkən futbolun 2 ana xətti məhz bu şəxslərə tapşırılıb: Nəsirov futbolun zirvəsi olan milli komandalara, Əliyev təməl kimi bilinən uşaq futboluna cavabdehlik daşıyacaq. Əcəba, AFFA-da otura bilməyən, işləməyə vaxtı olmayan bu insanlara əsas sahələri tapşırmaqla öz evimizi özümüz yıxmırıqmı?

CAVAD

Shares: