Anastasios Papazoqlu, Bəxtiyar Həsənalızadə və Elvin Məmmədovla yollarını ayırmaq istəyən “Zirə” gözlənilməz ayrılıqla diqqət mərkəzinə düşdü. Belə ki, qəsəbə klubu bombardiri Xulio Sezar Rodriqes ilə yollarını ayırdı.

Soni Norde və Robin Nqalande kimi legionerini daha öncə yola salan zirəlilər qışda heyətini xeyli gücləndirib. Heyətə yeni futbolçular qatılıb və rəqabət artıb. Xüsusilə hücum xəttində 5 futbolçu var və baş məşqçi Zaur Həşimov son oyunlarda Xulioya az şans verirdi. Elə bu da paraqvaylının xoşuna gəlməyib və yollar ayrılıb.

Qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilən Xulionun gedişi klubun da ürəyincədi. Məşqçilər ondan tam narazı olmasalar da, büdcəni sabitləşdirmək üçün hücumçunun vidasına etiraz etməyiblər. Xatırlatdığımız kimi, qəsəbə klubu Anastasios Papazoqlu, Bəxtiyar Həsənalızadə və Elvin Məmmədovla vidalaşmaq üçün bəhanə axtarır. Lazımsız sayılan bu oyunçular klub tapa bilmədiyindən kluba əlavə yükdü. Belə bir məqamda Rodriqesin gedişi də arzuolunandı.

Xulionun ölkə klublarından birinə keçəcəyi gözlənilir. Hücumçu baxımından sıxıntı çəkən “Səbail”lə “Keşlə” onunla yaxından maraqlanır.

Shares: