Futzal üzrə Azərbaycan milli komandasının hücumçusu Rafael Vilela DÇ-nin elit-raund mərhələsində Rusiya yığmasına qarşı keçirdikləri oyundan (4:3) sonra federasiyanın rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Oyunla bağlı fikirlərini bilmək maraqlı olardı.
  • Rəqibimiz kifayət qədər güclü komandadı. Amma biz də özümüzə inanırdıq. Çünki yaxşı heyətimiz var. Bu qələbəni biz komanda olaraq qazandıq. Kimin az, kimin çox əziyyətinin olmasını heç kim hesablaya bilməz. Əlbəttə, inam olan yerdə yaxşı nəticə də qazanmaq mümkündü. Bu qələbə bizim inamımızın mükafatıdı.
  • Qrupda iki oyun keçirmişik və fərqli oyunlar nümayiş olunub. Xorvatiyaya qarşı bu cür mübarizə apara bilməməyi nə ilə əlaqələndirirsən?
  • Dünən başqa heyətə, oyun üslubuna malik komandaya qarşı çıxış etdik. Əlbəttə, fərqli qarşılaşmalardı. Əsas fərq bizim ilk oyunda şanslarımızı düzgün dəyərləndirə bilməməyimizdi. Xorvatiyaya qol vura bilmədik, amma bu gün rəqib torunu 4 dəfə silkələdik.
  • Millinin heyətində beynəlxalq turnirdə 3 qol vurmuşdun. Bu gün isə rəsmi oyunlarda qol hesabını açdın. Bu cür göstəricinin sənin üçün önəmi çoxdurmu?
  • Qol vurmaq hər zaman sevindirir. Ancaq biz bu yola komanda şəklində çıxmışıq. Ona görə də komandanın uğur qazanması şəxsi göstəricilərin önündə dayanır. Vacib olan komandamın qələbə qazanması və mənim də bu işdə əməyimin olmasıdı. Buna görə sevinirəm.
  • Rusiya yığmasını indiyə qədər məğlub edə bilmədiyimizi bilirdin?
  • Xeyr, bunu indi eşidirəm. Statistika keçmiş oyunların göstəricisi. Həyatda isə ancaq irəli getmək lazımdı. Həm də Rusiya yığması hər dəqiqə məğlub edəcəyin komandalardan deyil. Bu gün qələbə qazandığımıza görə çox sevinirəm.
  • Slovakiya millisinin oyununu görmüsən. Son oyunda bizi hansı çətinliklər gözləyir?
  • Rəqibə hər zaman hörmət etmək, oyuna ciddi köklənmək lazımdı. Güclü rəqibdi. Biz artıq Rusiya ilə oyunu unutmalıyıq və Slovakiya ilə qarşılaşmaya konsantrasiya olmalıyıq.
  • Final mərhələsinə yollanmaq şansımızı necə dəyərləndirirsən?
  • Böyük şansımız var. Amma indi Slovakiya haqda düşünməliyik. Qələbə qazanmalı, sonra qrupdakı duruma baxmalıyıq.

Shares: