Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü dövrəsinə fevralın 1-də start verəcək “Zirə” mövsümün ikinci yarısına “Sabah”la qarşılaşma ilə başlayacaq.
Futbolinfo.az xəbər verir ki, bu, iki komanda arasında 7-ci matç olacaq.
İlk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblərin duelləri “qartallar” üçün uğurlu başlamayıb. İlk üç qarşılaşmada bu komanda debütanta uduzub. Mövsümün son matçında böyük hesabla qalib gələn “Zirə” uduzmamaq ənənəsini cari çempionatda davam etdirib. İlk yarıdakı hər iki qarşılaşma qollu heç-heçələrlə başa çatıb. Son üç dueldən xalsız ayrılmayan “Zirə” bu görüşlərdə meydanı qolsuz tərk etməyib.
Ümumiyyətlə, 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan “Zirə” 7 qol vurub, 9-nu buraxıb. Evdəki 3 oyunda 1 heç-heçəsi olan “qartallar” 2 dəfə uduzub. Top fərqi qonaqların xeyrinədi – 1:5.
Qeyd edək ki, fevralın 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Sabah” matçı saat 15:00-da başlayacaq.