AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik hoqqaları ilə gündəm dəyişir. AFFA-nın növbəti Konfransının qərarları, dəyişikliklər ictimaiyyətdə müzakirə olunarkən, avstriyalı qəribə qərarları ilə fikir yayındırır.
AFFA-nın inzibati binasında Premyer Liqa oyunlarına təyinat alan hakim-inspektorlar üçün keçirilən seminarın nəticələrindən sonra buna münbit şərait yaranıb. Belə ki, oyun qaydaları ilə bağlı test imtahanından sonra komitənin iki aparıcı üzvü kənarda qalıb. Sabiq FIFA referiləri – Anar Salmanovla Babək Quliyevin imtahandan kəsilməsi hələ çox müzakirə olunacaq.
Vaxtilə hakimlikdən qovulan bu şəxslər bəlkə də üzərlərində işləmədiklərindən, hazırlıq səviyyələrini artırmadıqlarından belə aqibətlə üzləşib. Lakin burada məkr də var. Komitəyə gəlmələri söz-söhbətə səbəb olmuş cütlük indi bu şəkildə gözdən salınır. Görünür, onların istifadə müddəti bitib, AFFA komitəylə bağlı problemləri nizamlayıb və qalmaqalçıları sıradan çıxarır.
Stuxlikin qəflətən test keçirməsi özü də maraqlıdı. İndiyədək hər şey qaydasında idi və mövsümün ikinci yarısının startı ərəfəsində belə addım təəccüb doğurur. Bildiyimizə görə, hətta Salmanovla Quliyev növbəti tura təyinat da alıbmış. Amma sonradan onların adı siyahıdan çıxarılıb.
AFFA-da Hakimlər Komitəsiylə bağlı başqa problem də var. “Futbolinfo” yenilənəndən sonra redaksiyamızla birbaşa əlaqə saxlamaq imkanı yaratmışıq və xüsusilə hakimlərimiz bu fürsətdən yararlanır. Onlar şikayətlərini qaynar xətt vasitəsiylə bizə çatdırırlar. Redaksiyamıza 2 hakim müraciət edib və real durumdan narazılığını bildirib.
Sən demə, AFFA-da danışıq dili Azərbaycan dili deyilmiş. Stuxlik komitə daxilində, seminarlarda və dərs prosesində yalnız ingiliscə danışılması haqda qərar verib. O qədər ürəyiaçıq millətik ki, əcnəbinin Azərbaycanda özünü qonaq kimi hiss etməsinə imkan vermirik. AFFA rəhbərliyi avstriyalıya dilimizi öyrənməyi tövsiyyə etmək əvəzinə, onun tələblərinə boyun əyir.
İngilis dilini bilməyən, hakimlikdə ilk addımlarını atan bir çox gənclər üçün bu, çox sərt baryerdi. Belə tələb faktiki, onların karyerasını başlamadan bitirməsi deməkdi. AFFA onlar üçün dil kursları, seminarlar təşkil etmək, öyrətmək əvəzinə, bünövrədəcə hamısını lazımsız bilir. Azərbaycanda iş prosesinin dövlət dilində deyil, başqa dildə aparılması birbaşa vətəndaşlarımızın hüququnun tapdanması deməkdi.
Maraqlıdı ki, Stuxlik xəbərimizi təkzib etmir. O, müraciət etdiyimiz mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya bizə çatdırmaq üçün bəhanələr uydurub. Təbii ki, biz də beynəlxalq arenaya çıxmaq üçün hakimlərin xarici dil öyrənməsinin vacib olduğunu bilirik. Stuxlikin VAR-ın tətbiqi hazırlıqları, xarici çempionatlarla hakim mübadiləsi haqda dediklərində həqiqət var. Lakin o da var ki, bu hakimlərin heç də hamısı FIFA referisi ola bilməz. Onlar öncə ölkə səviyyəsində hakim kimi hazırlanmalı, daha sonra beynəlxalq dərəcə almaq ehtimalı olan istedadlara dil öyrədilməlidi. Frits isə baltanı kökündən vurur, ingilis dili bilməyənləri ümumiyyətlə, siyahıdan silir.
Firuz bəy bizimlə söhbət zamanı Stuxlikin ingilis dilini bilməyən hakimlərin narazılığını nəzərə alacaqlarını dedi. Belə ki, həmin hakimlər beynəlxalq dərəcə almaq ehtimalı olanların qrupundan çıxarılacaq.
Nə edəcəklərini özləri bilər, əsas odur ki, ingilis dilində ünsiyyət, təhsil məsələləri yığışdırılmalıdı, ehtiyacı olanlar üçün dil kursları təşkil edilməlidi. Avstriyalı özünə rahat olsun deyə hakimlərimizin taleyi ilə oynamamalıdı. Bəlkə hələlik ingilis dilini öyrənmək üçün vaxtı olmayan elə gənclər var ki, onlar gələcəkdə Tofiq Bəhramov, Eldar Əzimzadə səviyyəsinə yüksələcək? Axı, adını çəkdiyimiz şəxslərin də dil biliyi yaxşı olmayıb.
Təbii ki, indi belə bir tələb var, beynəlxalq arenada irəliləmək üçün beynəlxalq dillərdən birini yaxşı bilməlisən. Lakin bunun üçün qeyd etdiyimiz üsullar var, Azərbaycanda başqa dildə iş qurmaq ölkə qanunlarına hörmətsizlikdi.
Onsuz da illərdi AFFA-da əsas ünsiyyət dili rus dilidi. Vitse-prezidentlər, baş katib, İcraiyyə Komitəsinin üzvləri, komitə və departament rəhbərləri məhz bu dildə danışır, müsahibə verirlər. İndi də Stuxlik yeni eranın təməlini qoyur. İndiyədək başımıza gələn faciələrdən dərs almamışıqmı? Bəlkə futbol təsərrüfatında kök atmış bəzi məmurlar üçün digər qonşularımızın da dillərini öyrənək, təbliğ edək?
CAVAD