AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlikin iş metodu ciddi müzakirələrə səbəb oldu. Avstriyalının qurum daxilində Azərbaycan dilini qadağan etməsi, iclaslarda, eyni zamanda dərslərdə, hətta adi ünsiyyətdə də yalnız ingiliscədən istifadəni lazım bilməsi birmənalı qarşılanmadı.

Vaxtilə ölkəmizi beynəlxalq arenada FIFA referisi kimi təmsil edən, eyni zamanda Stuxlikin təyinatı zamanı komitədə işləmək üçün dəvət alan Tahir Süleymanovla əlaqə saxladıq. O zaman AFFA-nın təklifini geri çevirən təcrübəli mütəxəssis Fritslə dil məsələsində kiçik qalmaqal yaşamışdı: “Azərbaycan dili futboldan, hakimlikdən də qat-qat üstün məsələdir. Doğrusu, xəbər təəccüb doğurmadı. Bildiyiniz kimi, AFFA rəhbərliyinin Hakimlər Komitəsində təmsil olunmağımla bağlı assosiasiyaya dəvətliydim. Federasiyada keçirilən toplantıda Stuxlik də iştirak edirdi. Geniş müzakirələrdə təklifdən imtina etməyimlə yanaşı, doğma dillimizlə bağlı avstriyalıya kəskin iradım da oldu. 15-ə yaxın azərbaycanlının iştirak etdiyi iclasda, AFFA-nın baş katibi Elxan Məmmədov Stuxlikə söz verdikdən sonra, yeni sədr tərcüməsiz çıxış etmək istədi. Qəti etiraz etdim və rəsmi toplantıda dilimizə hörmətlə yanaşmasının vacib və mütləq olduğunu bildirdim. Bundan sonra, özünü yığışdırmağa məcbur oldu. Hiss olunur öz şakərindən əl çəkməyib”.

Süleymanov hakimlərin dil bilməsini də vacib sayır: “Hakimlərin dil bilməsi çox yaxşı haldı. Nə qədər çox dil mənimsənilsə, əlavə üstünlükdür. Müasir futbolda, beynəlxalq aləmdə ingilis dili mütləqdir. Öz dilimizə hörmət isə ondan da vacibdir. Özümüz özümüzə, dilimizə dəyər verməsək, heç kim bizə hörmət etməz. Hər bir görülən işin, addımın tətbiqi yerində olsa, niyyətin nəcibliyi də görünər, qorunar. Hakimlərin inkişafı, dil öyrənməsi ilə bağlı bəlli kriteriyalar var və buna uyğun hərəkət etmək gərəkdir. Kömək vasitəsi kimi əlavə dil kurslarının təşkili, istedadlar qrupunda dərslərin, müzakirələrin ingilis dilində keçirilməsi təmin edilə bilər. Azərbaycan dilinə hörmətsizlik edib kütləvi hala çevrilməsi isə yolverilməzdir”.

Tahir bəy bu məsələdə yalnız Stuxliki günahkar saymır: “Günah ilk olaraq avstriyalıda deyil, ona bu şəraiti yaradanlardadır. Dil yoxdursa-millət də yoxdur! Futbol məhv edilib, heç olmasa dilimizi qoruyaq…”

Shares: