Elvin Məmmədov Vaqif Cavadov, Kamran Ağayev kimi həmkarlarının aqibətiylə üzləşmək üzrədi. 32 yaşlı yarımmüdafiəçi klubsuzdu və durumun yaya kimi dəyişməyəcəyi gözlənilir.

Futbolinfo.az xəbər verir ki, “Zirə”nin əsas heyətdən kənarlaşdırdığı, daha sonra müqaviləsinə qarşılıqlı razılıqla xitam verdiyi Elvinə heç kim müştəri olmayıb. Qəsəbə klubundan yaya qədər nəzərdə tutulan müqaviləsini maliyyəsinin bir qismini alaraq vidalaşan Məmmədova heç kim maraq göstərmir.

Onunla “Keşlə”nin danışıq apardığı deyilsə də, klub xəbərləri təkzib edir. Paytaxt təmsilçisi qış transferlərini bitirib və əlavə oyunçu almaq niyyətində deyil. Başqa komandaların da məhkəz oyunçusuna ehtiyacı yoxdu. Yalnız “Səbail” ciddi kadr çatışmazlığından əziyyət çəkir. Amma bu komandanın da büdcəsi tranfer etməyə imkan vermir, üstəlik, xroniki zədəsi olan, ciddi toplanış keçmədiyi üçün hazırlığı qaydasında olmayan futbolçunu heyətə qatmağı “dənizçilər” əlavə yük bilirlər.

Hazırda yeganə variant diviziona üz tutmaqdı. Məmmədovun karyerasına başladığı “Turan Tovuz”a Premyer Liqaya qayıtmaq üçün kömək edib-etməyəcəyi bəlli deyil. Məlum olaylar üzündən heyəti xeyli seyrələn qərblilərin təcrübəli futbolçuya ehtiyac duyması mümkündü. Amma Elvinin aşağı dəstədə oynayacağı, yoxsa azad agent olmasına güvənib sonadək elita klublarından dəvət gözləyəcəyi bilinmir.

Shares: