“Neftçi” Jesse Sekidikanı transfer etmədiyinə görə peşman deyil. Hətta klub rəhbərliyi “Qalatasaray”ın peşman ola biləcəyini düşünür.

Türkiyə mətbuatında “Qalatasaray”ın “Əskişəhərspor”dan transfer etdiyi Sekidikanı heyətinə qatmadığına görə “Neftçi” rəhbərliyinin peşmanlıq hissi keçirdiyi haqda xəbər yazılıb. 2019-cu ilin əvvəlində təmsilçimizin düşərgəsində baxışda olan, lakin bəyənilməyən 23 yaşlı hücumçunun “Qalatasaray”a keçidi söz-söhbətə rəvac verib.

Xəbəri dəqiqləşdirmək üçün “Neftçi”nin idman direktoru Ceyhun Sultanovla əlaqə saxladıq. Ondan bu keçidin baş tutmama səbəbini öyrənməyə çalışdıq: “Sekidika 1 il öncə bizim Türkiyə toplanışımızda iştirak edib. Doğrusu, o zaman arzuolunmaz formada idi. Biz əcnəbiləri xüsusi diqqətlə seçməliyik, onlara böyük pullar ödəyirik və formada olmalarını, komandaya kömək etmələrini istəyirik. Həmin vaxt isə o, ümumiyyətlə, elə vəziyyətdə idi ki, transferi haqda hətta düşünmədik . Baş məşqçi Roberto Bordin bu futbolçu haqda müsbət rəy vermədi. Özümüz də baxdıq və bəyənmədik. O qədər əmin idik ki, maliyyə məsələlərinin müzakirəsinə ehtiyac duymadıq”.

Sultanov bu oyunçunun “Qalatasaray”a keçməsinin hər hansı peşmançılığa səbəb olmadığını deyir: “Hələ onun necə çıxış edəcəyini zaman göstərəcək. İstanbullular hazırda 6-cı pillədədi və Sekidika da fövqəladə heç nə etmir. Bəlkə mövsümün sonunda elə “Qalatasaray” özü peşman oldu. Ola bilər ki, müəyyən səviyyədə oynayar, lakin təəssüfə səbəb olacaq hansısa keyfiyyəti yoxdu”.

Ceyhun bəy bir məqama da diqqət çəkdi: “İnanın, o, “Neftçi”yə gəlsəydi, heç vaxt “Qalatasaray”a transfer olunmazdı. Marka söhbəti də var, Türkiyədə oynadığı üçün heyətə qatdılar. Necə olacağını zaman göstərəcək. Heç vaxt hansısa transferin alınmamasına görə peşman olmamışam. İş prosesidi, hərənin bir seçimi olur”. Nigeriyalı forvard qış transfer pəncərəsi dövründə “Qalatasaray”la 4,5 illik sözləşmə imzalayıb.

Shares: