“Keşlə” qış fasiləsində heyətinə bir yerli futbolçu əlavə etdi. Legionerlərlə yanaşı gələn bu oyunçunun adı tanış olsa da, futbolçu səviyyəsinə görə kimsənin yadında qalmamalıdı. Çünki indiyədək oynadığı klublarda nə iləsə seçilməyib.

Rusiyada doğulan futbolçu Azərbaycanda ilk olaraq “Sumqayıt”da çıxış edib. 2012/2013-cü illərdə “kimyaçılar”ın heyətində oynayan yarımmüdafiəçi daha sonra AZAL-a keçib. Şüvəlan klubundakı 1 illik kayerasından sonra isə yenidən “Sumqayıt”a qayıdıb. 2014/2016 mövsümlərini də “gənclik şəhəri” təmsilçisində keçirən Ağayev sonra “Neftçi”yə transfer olunub.

Paytaxt klubunda kölgədə qalan, belə iddialı komandaya layiq olmadığı dərhal bilinən (8 oyun) futbolçu 1 il tamam olunca lazımsız bilinib. Aleksandrın 26 yaşlı oğlu daha sonra “Səbail”də peyda olub. Amma Stavropoldan gəlmiş Murad Premyer Liqadakı son mövsümündə – 2017/2018-ci illərdə – “Səbail”də heç bir oyuna çıxmayıb.

Elə bu rəqəmlər iddialı olan, medallar uğrunda mübarizə aparan “Keşlə”nin Murada maraq göstərməməsini şərtləndirirdi. Amma kiminsə tapşırığı həlledici olub və Ağayev bakılıların düşərgəsindədi. Klub nümayəndələri transferin hansı zərurətdən edildiyini izah edə bilmir. Bəs, futbolçu bu barədə nə deyə bilər?

“Futbolinfo”nun əməkdaşıyla söhbətdə Murad qısa danışmaqla kifayətləndi: “Hazırda “Keşlə”dəyəm. Amma tapşırıqla bura gəldiyimə dair yayılan xəbərlərə verilən cavabım yoxdur. Sadəcə, onu demək istəyirəm ki, yayılan şaiyələrə inanmayın. Mənim özümün bilmədiyim şeyi insanlar hardan bilir? Gələcəkdə oynayıb-oynamayacağımla bağlı necə fikir yürüdə bilirlər? Hər şeyi zaman göstərəcək”. Biz də o zamanı – Ağayevin debüt edəcəyi günü gözləyəcəyik. Hələliksə komandanın düşərgəsində olan yarımmüdafiəçinin adı “Keşlə”nin iştirak ərizəsində göstərilməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp