AFFA-nın çiçəyi burnunda icraçı vitse-prezidenti, eyni zamanda çoxəsrlik baş katibi Elxan Məmmədova inansaq…

…Yəni, onun dediyinə görə, yaxın günlərdə İcraiyyə Komitəsinin iclası baş tutmalıdı. Uzağı, 1-2 həftənin yalançısı olar, amma yəqin ki, fevral bitməmiş AFFA-nın möhtərəm 13 üzvünü bir arada görəcəyik.

Yığışmağa səbəb var. Milli komandamızın baş məşqçi postu havayı pul verilməsi üzündən o qədər cazibədardı ki, 32 namizədi ətrafına toplayıb. İK-nın “uruscax”  oxuyub, hərəsi öz dilində başa düşən üzvləri də seçim etməlidi. Onların hər birinə bu namizədlərin elə rusca tanıtım vərəqləri təqdim edilib.

İK üzvləri kimdi ki, baş məşqçi seçələr? Sadəcə, AFFA prezidenti Rövnəq Abdullayevin başı neft çıxarmağa qarışıb, Elxan müəllimin ayağı “hər gün bir ölkəyə uçur” mənasında göydə qalıb. Bu səbəbdən 32 nəfərlik siyahını “handa-hunda” üsuluyla bir qədər azaltmaq lazımdı. Siyahı qısaldıqdan sonra İK-da növbəti müzakirələr olmalı, fikirlər bir az da qətiləşməlidi ki, “hansı tipli” məşqçi seçirik.

Yuxarıda qeyd etdiyimiz kimi, İK üzvlərinin məşqçi seçmək ixtiyarı yoxdu, sadəcə, görüntü yaratmaq üçün toplaşacaqlar. Seçən onsuz da Məmmədovdu və beynində 3-4 namizəd var, onlarla danışıq aparmaq üçün sevimlisi Riad Rəfiyevi çoxdan səfərbər edib.

Milli komandaların kurasiyası daim Elşad Nəsirovda olub, yanvar Konfransında isə bu, növbəti dəfə təsdiqləndi, hətta bəyan edildi. Ona görə də sözügedən vitse-prezident nə qədər ki, “boz kardinal”dı, millinin baş məşqçisinin əcnəbi olacağı aksiomadı. Bu şəxsdə azərbaycanlılara qarşı sanki total nifrət var, əcnəbi deyilsənsə və ya harasa “bağ”ın yoxdusa, qapılar üzünə bağlıdı.

Yalnız Qurban Qurbanov ölkə başçısı tərəfindən milliyə göndəriləndə o, buna mane ola bilməmişdi. Çünki “Qarabağ”ın baş məşqçisinin uğurlarını görməmək axına qarşı üzmək idi. Bir ili sinəyə çəkdi və öz metodu ilə kabinet məşvərətləri aparıb, onu devirdi. 6 illik müqaviləyə baxmayaraq…

Bəri başdan millinin əcnəbiyə tapşırılacağına əminliyimizi qeyd edirik. Eyni zamanda onu da yazırıq ki, futbolumuzun dərdi o postda kimin əyləşməsində deyil, bizdə sistem çürükdü, futbol düzgün inkişaf etmir. Belədə kadr qıtlığı, mütəxəssislərə, futbol adamlarına biganə münasibət var, dostbazlıq, qohumbazlıq tüğyan edir. Çörəyi çörəkçiyə yox, marketoloqlara verdiklərindən, papağı papaqçılar yox, “moşenniklər” tikdiyindən, dövlətin pulu israf olunur, ortada bir qrup insan cibini doldurur.

Halbuki dövlətin qayğısı nəticəsində ayrılan çox yüksək maliyyə müqabilinə fantastik işlər görmək – sistem yaratmaq, düzgün strategiya şeçmək və s. və i. – olar. Milli komanda isə səviyyəli oyunçu-kadrlar hazırlanana kimi ölkə futbol mətbəxini bilən, daha fədakar çalışan, ən əsası, Azərbaycanı Vətən, bayrağını namusu, qeyrəti bilən, himnimiz çalınanda damarda qanı çağlayan yerli məşqçlərə tapşırılmalıdı. Zatən millinin nisbətən normal nəticələri yerli mütəxəssislərlə olub. Neft milyonlarını sümürən Berti Foqts, yığma komandamız “təcrübə dovşanı” kimi ixtiyarına verilən Nikola Yurçeviç kimi faydasız əcnəbilərdənsə, istənilən yerli məşqçi daha yaxşı nəticələrə nail olardı.

AFFA-nın siyasətini müəyyənləşdirən məmurlar “yuxarılar”a daim eyni informasiyanı ötürür. Guya ki, yerli məşqçilər bilik və bacarıq baxımından avropalılarla ayaqlaşa bilmir, bacarıqsızdılar və s. Oralarda bir nəfər yoxdur ki, Azərbaycandan suyu süzülə-süzülə gedən əcnəbi milli və klub məşqçilərin siyahısını təqdimat hazırlayan zatların gözünə soxsun. Və ya soruşsun ki, ikinci onillikdi Azərbaycan futbolunun anasını ağladırsız, bəs, niyə mütəxəssis yetişdirməmisiz? Qurban Qurbanov özü işləyə-işləyə hazırda daha 3 Premyer Liqa klubuna rəhbərlik edən əxlaqlı yetirmələrini ərsəyə gətiribsə, siz bu qədər səlahiyyətlə nə qələt sahibisiz?

Nəsirov və dəstəsi yolunu tutmağında olsun, biz isə bəlkə diqqətlərini çəkər deyə, “yuxarılar” üçün bir neçə namizədin adını sadalayaq.

Tərlan Əhmədovun “Keşlə”də bu mövsüm gördüyü işlər onu unutmamaq üçün kifayət edir. Uzun illər millinin kapitanı olub, Vəli Qasımov, milliləşənlər yığmadan üz döndərəndə, o, üçrəngli bayraq naminə karyerasını da sual altında qoyaraq millinin düşərgəsinə gəlib. Məşqçi kimi də yavaş-yavaş özünü isbatlayır. Bəli, bəzi xarakter, davranış problemləri var, amma meydança qırağında ağac dibi sulayan, bəlkə də bu səbəbdən 10 ildən çoxdu futbolumuza fayda verməməsinə baxmayaraq, boğazımıza keçirilən, prezident önünə çıxarılan Bernard Lippertdən, hər açıqlamasında bizi aşağılayan Berti Foqtsdan dəfələrlə layiqli biridi.

Ayxan Abbasov “Sumqayıt”dakı işiylə gənc məşqçilərin potensialını ortaya qoyur. Məhdud büdcəylə ən yaxşı komandalardan birini quran, ən baxımlı futbol oynadan, ötən mövsüm sürpriz şəkildə komandanı kubokun finalına çıxaran, “Qarabağ”, “Neftçi” kimi iddialıları yolundan təmizləyən çalışdırıcı yeni çağırışlara hazırdı. Bəlkə də təyinatı risk olar, amma Yurçeviçə güvənmişdilərsə, Abbasovu o posta gətirmək daha az risklidi.

Şahin Diniyev bəlkə də çoxunun yadından çıxıb. Lakin bu şəxsin potensialını tam açmadığına əminəm. Xarici klubda baş məşqçi təcrübəsi olmuş azsaylı həmvətənlərimizdəndi, ölkə daxilində işlədiyi klublarda daim iz qoyub. Bəli, “Kəpəz”dən ayrılması xoşagələn olmadı. Lakin Gəncədəki qalmaqal onun günahı deyildi, sadəcə, kişi kimi davrandı, Elxan Məmmədovun, Mikayıl Nərimanoğlunun fırıldaqlarını faş etmədi, özünün qurban seçilməsinə göz yumdu. Gəncə olaylarında günahkar idisə, bacarıqsızdısa, Məşqçilər Komitəsində niyə oturub; bacarıqlıdısa, niyə sevimli işiylə məşğul olmasına şərait yaradılmır? Uğursuzların vitse-prezident olduğu futbol təsərrüfatında futbolla nəfəs alan məşqçilərin bu aqibətə məruz qoyulması düşündürücüdü.

Yenə adlar çəkmək olar. Lakin bu 3 nəfər təyinatı daha məsləhətli olanlardı. Siyahını uzatsaq, artıq subyektivliyə meyl göstərəcəyik.

Bununla belə, Rəşad Sadıqovu da yaddan çıxarmaq olmaz. “Qarabağ”da, U-21-də işlədiyi müddətdə onun məşqçi bacarıqlarına qismən şahid olmuşuq. Millinin kapitanı olub, yığma ab-havasını əla bilir, kollektiv yaratmaqda, idarə etməkdə bacarıqlıdı. Ağdam klubunun uğurlarında onun əməyi danılmazdı. O qədər karyerasını bitirən kimi məşqçi təyin olunanlar görmüşük ki… Rəşad isə hətta oynaya-oynaya bu təcrübəni keçənlərdəndi. Və milliyə namizəd göstərilsə, yayda karyerasını bitirəcəyi barədə elanı yəqin, tezləşdirə bilər.

Doğrusu, şəxsən mən Rəşadı daha çox AFFA-da mühüm bir posta, idarəçiliyə layiq bilirəm. Ölkə futbolunda çağ dəyişmək, düzgün iş qurmaq üçün ehtiyatda olan generallardandı və nəvaxtsa ona da qapı açılacaq. Bu gün marketoloqların zəbt etdiyi kresloları bir gün futbolun içindən çıxan həqiqi mütəxəssislər tutacaq, hər şey yoluna düşəcək. Hələliksə Sadıqov milli komandanın baş məşqçi postuna sıravi namizədlərdən biri ola bilər.

…Bura qədər yaxşı gəlmişdik. Amma məhz Sadıqovun adı AFFA-dakı rəhbər klanın qəzəblənməsi üçün kifayətdi. Onlar kreslolarını bu qədər asan təslim edəcək adamlar deyillər. Əcnəbi məşqçi həm də uzunmüddətli müqavilə deməkdi. Keçmişi parlaq, bugünü çatlaq olan birini reklam edib, gətirəcək, ona milyonlar ayırtdıracaqlar. Həmin şəxsin iş başında olduğu müddətcə nağıllar danışılacaq, yekunda təbii ki, müsbət heç nə olmayacaq və vəzifələrini qorumaq üçün onu da qurban verəcək, yeni ssenari yazacaqlar.

İllər belə ötür, De Byazilər, Prandellilər ortaya çıxır. Təcrübəli həkimlərin dəvət edildiyi “klinika”dakı xəstənin – Azərbaycan futbolunun sağalmaz xəstəliyə tutulduğu kimsənin vecinə deyil. Di, gedin, axtarın, amma əvvəlcə İK-nın qondarma iclasını çağırın, görüntü yaradın ki, hər şeyi Məmmədovun diqtə etdiyi bilinməsin…

FƏRİD

Shares: