AFFA milli komandalara məşqçi seçimlərini qətiləşdirir. Əsas yığmaya namizəd axtarışı davam etdiyi bir zamanda digərləri ilə bağlı suallar qalır.

Hələlik 3 komandanın baş məşqçisi rəsmən bəllidi. U-17 Miloş Velebitə, U-19 Samir Əliyevə, U-21 isə Milan Obradoviçə tapşırılıb.

Ən böyük sual 15 və 16 yaşlılardan ibarət millilərlə bağlıdı. Tanınan yerli məşqçilər ciddi qəbul edilməyən bu millilərdə çalışmaq istəmir. Lakin AFFA seçim etmək məcburiyyətindədi və tezliklə qərar veriləcək.

Əvəzində yeni yaradılan U-18-in sükançısı bəllidi. AFFA bu komandanı Elxan Abdullayevə tapşıracaq. Bir sıra klublarımızda işləyən, heç birində ciddi uğur qazanmayan, “Neftçi”ni tarixinin ən pis nəticəsi ilə barışdıran Elxan bəy növbəti şansı qazanır. Velebit köməkçisini AFFA-ya namizəd kimi təklif edərkən, yəqin ki, onun karyerası ilə maraqlanmayıb. Əks halda, yeniyetmələri daha çox fiziki hazırlıq üzrə mütəxəssis sayılan Abdullayevin ümidinə qoymazdılar.

U-20 millisinə indiyədək gərək duymayan AFFA hazırda bu komandayla bağlı düşünməyə başlayıb. Vaqif Sadıqovun U-23 ideyası ictimaiyyətdə narazılıqla qarşılandıqdan sonra qurum tərəddüddədi. Ola bilər ki, təklif qəbul olunmasın, U-20 komandası yaradılmasına qərar verilsin. Necə olacağına İcraiyyə Komitəsinin növbəti iclasında aydınlıq gələcək. Baş məşqçi seçimi də yekun müzakirələrdən sonra bilinəcək. Əldə etdiyimiz məlumata görə, hələlik yaradılması haqda düşünülən U-23-ə əsas namizəd Samir Abasovdu. Şahin Diniyevin də namizədliyi gündəmdədi, lakin bu komandaya münasibət birmənalı olmadığından, müzakirələr ciddiləşməyib.

Shares: