İngiltərənin “Vulverhempton” klubunun azarkeşi Premyer Liqanın 5-ci turunda “Çelsi”yə 2:5 hesabı ilə uduzduqları oyun zamanı irqçi davranışı ilə əlaqədar cəzalandırılıb.
Futbolinfo.az xəbər verir ki, həmin şəxs “canavarlar”ın cari mövsümdəki oyunlarının abonementinə malik Cozef Smitdi.
Smit “zadəganlar”ın hücumçusu Temmi Abrahama qarşı yolverilməz hərəkətdə günahkar bilinib. Sözügedən qarşılaşmada Abraham het-trik edib, azarkeş isə buna meymun jestləri ilə reaksiya verib.
40 yaşlı kişi fanat bildirib ki, onu düzgün başa düşməyiblər və jestləri öz komandasının ünvanına dəstək xarakteri daşıyıb.
Smit “Çelsi” fanatlarına tərəf tüpürməkdə də ittiham edilib. O isə özünə haqq qazandırmaq üçün asqırdığını bildirib. Fanatın oyuna 70 yaşlı anası ilə gəldiyi də müəyyənləşib.
Bütün insidentlərə baxıldıqdan sonra azarkeşə 4 il müddətinə oyunlara giriş qadağası qoyulub.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da “Vulverhempton”un U-23 komandasının üzvüdü.