“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 16-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Maraqlı oyun keçdi. Hər iki komandanın qol epizodları oldu. Bu çempionatda fərqli “Keşlə” görürük. Öz komandama gəldikdə isə, bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Futbolçular plan üzrə hərəkət etdi. Ümumən həm hücumda, həm müdafiədə yaxşı oynadıq. Futbolçuların komandaya uyğunlaşması üçün vaxt lazımdı. Rəqibin heyətində kifayət qədər təcrübəli futbolçular var. Hiss edirəm ki, oyunumuz getdikcə daha da yaxşılaşır. Futbolçulardan razı qaldım.
- Təcrübəli futbolçuların getməsindən sonra gənc heyətlə daha yaxşı oyun göstərirsiz.
- Gedən futbolçular həqiqətən əsas heyət üzvləri idi, sadəcə, onları saxlaya bilmədik. Futbolçulara inamımız, ümidimiz çox böyükdü. Hər birinə inanıram, amma onlar üçün də güvən vacibdi. Onlarla nəticə qazanmaq çətindi. Amma bu gün həm təcrübəli, həm də gənclər yaxşı oyun nümayiş etdirdi. Hər bir futbolçu daha yaxşı oyanmağa qadirdi. Bu, bizim maksimum gücümüz deyil.
- Sanki gedən təcrübəli futbolçular maliyyəni düşünürdü.
- Belə düşünmürəm. Maliyyə futbolun bir hissəsidi. Artıq bizi maraqlandıran qalan futbolçulardı.
- Ruslan Qurbanovla Fəhmin Muradbəylinin vəziyyəti necədi?
- Ruslanın dizində problem var idi. Çalışırıq ki, ondan ehtiyatlı istifadə edək. Fəhmində isə ciddi zədə olmamalıdı. Bu gün bütün oyunçularımız yoruldu. 5 gün ərzində süni örtükdə iki güclü komanda ilə qarşılaşdıq. Növbəti oyuna istirahət edib, hazırlaşmağa vaxtımız olacaq.
- “Keşlə”ylə oyunlar daha yaxşı alınır. Düşünmək olar ki, bu rəqibin zəif nöqtəsini tapmısız?
- Ola bilər ki, “Keşlə”ylə oyunlarımız yaxşı alınır. Amma təsadüf də ola bilər. (komanda.az)