“Qəbələ”nin yeni transferi Nikolas Rayselin futbolinfo.az-a müsahibəsi
– Azərbaycanda keçirdiyiniz ilk oyun haqqında təəssüratlarınız necədir?
– Mənim ilk fikrim yaxşı futbol oynamaqdır. Bir az fərqli çempionatdır. Fiziki cəhətdən oynadığım liqalardan fərqlənir. Belçika ilə müqayisə edəndə müxtəlif keyfiyyətlərə malik liqalardır.
– “Sabah”a ilk qolu vursanız da, uduzdunuz. Bunu nə ilə əlaqələndirirsən?
– Startda yaxşı iş gördük. Oyunun əvvəllərində hesabı açmaq əla başlanğıc idi. Sonra niyə 2 qol buraxdığımızı anlamadım. Ardıcıl və ani qollar oldu. İkinci hissədə artıq iki qol vuraraq qalib gəlmək çətin idi. Çünki rəqib qapanacqdı və qalibiyyəti qorumağa çalışacaqdı. Belə də oldu. Hətta daha bir qol vurdular. Bundan sonra artıq oyunu çevirmək çətinləşdi.
– Komanda yoldaşların “Qəbələ”nin rəqibdən daha yaxşı oynadığını dedilər…
– Bununla razıyam. Amma əsas olan nəticədir. Əgər uduzuransa, yaxşı oynamağın bir önəmi yoxdur. Mən demirəm ki, bütün oyunu yaxşı çıxış etdik, bəzi anlarda zəif oynadıq, səhvlərə yol verdik. Amma ümumilikdə pis deyildik. Lakin nəticə çempionat üçün vacibdir. Premyer Liqada irəli getmək istəyirsənsə, qalib gəlməlisən.
– Bura gəlişin necə baş tutdu?
– Mən Abdelrafik Cerardla PSJ-nin gənclər komandasında bir yerdə oynamışam. Son olaraq Belçikada “Ostende”də çıxış etməli idim. Lakin bilirdim ki, orda meydana çıxmaq şansım azdır. Buna görə komanda tapmalıyam. Abdelrafik də mənə təklif etdi ki, əgər istəyirsənsə, burda klubla danışım və Azərbaycana gələsən. Razılaşdım və danışdıq. Elə oldu ki, bura gəlmək variantım alındı.
– Azərbaycan haqqında məlumatlı idin?
– Çempionat haqqında heç bir bilgiyə sahib deyildim. Amma ümumi olaraq futbolunuz barədə məlumatım var idi. “Qəbələ” bir neçə il öncə Belçikaya “Anderlext” səfərinə gəlmişdi. Ordan bu komandanı xatırlayırdım. Bir də “Qarabağ” haqqında bilgim var. Çünki “Qarabağ” dəfələrlə Belçika klubları ilə üz-üzə gəlib. Belə ümumi bir informasiyaya sahib idim.
– Çempionatda 8 komanda oynayır. Düşünmürsən ki, çox zəif bir liqaya gəlmisən?
– Bu situasiya ilə üzləşmişəm. Mən Sloveniyada çıxış edərkən orda da çempionatda 8 komanda oynayırdı. Bir rəqiblə 4 dəfə üz-üzə gəlirdin. Avropada bu cür liqalar mövcuddur. Əgər maliyyə şərtləri və şərait belədirsə, buna nə etmək olar? Fikrimcə, zəif bir liqa deyil.
AĞA