“Keşlə”nin kapitanı Slavik Alxasov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Səbail”ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra jurnastərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi əvvəlcə oyun haqqında danışıb:
- Oyunumuz alınmadı. Biz qarşılaşmaya belə hazırlaşmamışdıq. Futboldur. Çalışacağıq ki, növbəti matçda qələbə qazanaq.
- “Səbail” buna kimi sonuncu pillədə idi. Bəlkə, bu amil sizi arxayınlaşdırmışdı, rəqibə yuxarıdan aşağı baxırdınız?
- Xeyr, arxayınlıq yox idi. Biz “Qəbələ” ilə oyuna necə hazırlaşmışdıqsa, bu görüşə də elə hazırlaşmışdıq. Sadəcə oyunumuz Qəbələdəki kimi getmədi. Yəni, istədiyimiz hücumları qura bilmədik. Həm də birinci hissədə bir az bəxtimiz də gətirmədi. İkinci hissədə isə “Səbail” bizdən üstün oynadı. Ona görə də öz qolunu vurdu. Biz bundan dərs çıxarmalıyıq.
- Bu nəticədən sonra “Neftçi” “Qarabağ”dan xal alarsa, sizi turnir cədvəlində qabaqlayacaq. Demək olar ki, komanda olaraq “Qarabağ”a azarkeşlik edəcəksiniz?
- Mənim üçün kimin qalib gələcəyinin fərqi yoxdur. Əsas olan bizim oyunlarımızdır. Orada “Neftçi” uddu ya “Qarabağ”, fərqi yoxdur. Növbəti qarşılaşmalarımıza köklənib, xal qazanmalıyıq ki, Avroliqaya vəsiqə əldə edək.
- Yeni transferlər bir kapitan kimi sizi qane edir?
- Onların ikinci oyunudur. Bəlkə də hələ açılmayıblar. Bəlkə də şans qazanırlar. Məncə, gələcəkdə bizə köməkləri dəyəcək.
- Yeni transferiniz Şohruh Qadoyev bu gün fərqləndi. Amma hakim qolu qeydə almadı. Bununla bağlı nə düşünürsünüz?
- Açığı, mən bir az uzaqda idim, həmin epizodu görmədim. Qadoyevdən soruşdum, dedi ki, top çiynimə dəymişdi. Hakim isə əllə toxunuş kimi qəbul etdi. Amma təmiz qol idi, qeydə ala bilərdi. Epizodun təkrarına baxandan sonra dəqiq məlum olacaq.