“Sabah”ın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qəbələ” üzərində qələbədən (3:2) sonra açıqama verib.
Futbolinfo.az xəbər verir ki, o, bu qələbənin vacibliyini diqqətə çatdırıb:
“Çoxdandı hamımız bu oyunu gözləyirdik. Üç xal üçün ac idik. Kubokda bizi keçmişdilər. Bu mənada borcumuz var idi və onu qaytardıq. “Qəbələ” də layiqli mübarizə apardı. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Sonda sevinən tərəf biz olduq”.
Xəlilzadə erkən qol buraxmalarına baxmayaraq sınmadıqlarını vurğulayıb:
“Erkən qol buraxdıq, həm baş məşqçi öz fikirlərini dedi, həm də biz oyunçular meydanda danışdıq ki, heç nə bitməyib. 5-ci dəqiqədə hesabda geri düşdük, amma irəlidə 85 dəqiqə var idi. Onlar vurubsa, biz niyə vura bilməyək? Bu, futboldu, qollar vura və ya yenə buraxa da bilərdik. Əsas odu ki, oyunun sistemindən qırılmayasan və matçdan qopmayasan. Geridönüş edə bildik. Görüşün axırları bizim üçün bir az kritik keçdi. Rəqib çox hücum eləməyə başlayırdı. Hesabı qorumağa çalışdıq və bunu bacardıq”.
Müdafiəçi öz oyunu barədə çox danışmaq istəmədiyini bildirib:
“Mənim oyunuma məşqçilər və kənardan baxan futbol adamları qiymət verə bilər. Öz işimi görməyə və məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışıram. Necə alındığını, məşqçi analizdə bizə göstərəcək. Komanda olaraq oyundan-oyuna daha yaxşı çıxış etməyi bir-birimizə söz vermişik. Məqsədimiz maksimum dərəcədə çox xal qazanmaqdı”.
Azərbaycan millisinin də formasını eyinən təcrübəli oyunçu “Sabah”ın yeni transferləri barədə də danışıb:
“Marko Deviç bizə yad futbolçu deyil. Keçən ildə də komandamızda olub. Yevgeni Koçuk və Marina kollektivə yeni qoşulub, amma uyğunlaşmağa çalışırlar. Vaxt getdikcə daha yaxşı təsir bağışlayacaqlar. Gəliblərsə, gücümüzə güc qatmağa borcludular”.
Müdafiəçi son olaraq “Sabah”ın qarşısına hər hansı bir məqsəd qoyulmadığını söyləyib::
“Mövsüm başlayanda hamı bizi yüksək yerlərdə görürdü. Amma çempionata istədiyimiz kimi başlaya bilmədik. Qarşıda hələ 12 oyun var. Xallarımızı artırmağa çalışırıq. Sonda isə turnir cədvəlinə hamımız bir yerdə baxacağıq. Dünya futbolunda da görürük. “Real Madrid” və “Barselona” kimi komandalar İspaniya Kubokunda mübarizəni dayandırdı. Futbolda belə şeylər olur. Hər şey istədiyin kimi alınmaya bilər. Əsas odu ki, səhvlərimizdən dərs çıxarıb inkişaf eləməyə çalışırıq. Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq”