Turnir cədvəlində son pillənin sahibi dəyişdi. Premyer Liqanın yeganə bölgə təmsilçisi indi aşkar autsayderdi. Halbuki “Qəbələ” dünənki oyununa görə buna layiq deyil.
16-cı turun açılış turu məhz “qırmızı-qaralar”ın qolu ilə başladı. Lakin qısa müddətdə hər şey tar-mar oldu. “Sabah” təzyiqi artırınca qonaqlarda bir anlıq çaşqınlıq yarandı və ardıcıl 2 qolla rollar dəyişdi. Fasilədən sonra meydan sahibləri yenə fərqləndi, “qırmızı-qaralar”ın gücü isə son dəqiqələrdə fərqi minimuma endirməyə yetdi.
“Sabah”ın baş məşqçisi Jelko Sopiç ötən turdan dərs çıxarmışdı. Şakir Seyidovu dayaq bölgəsindən çıxarmaqla ilk doğru addımı atan xorvat, formada olmayan Rəşad Eyyubovu da kənarda saxlamışdı. Antalyadakı sınaq matçlarında oynamayan Cavid Tağıyevin start heyətinə qoyulması kimi avantür addım da yox idi. Bu səbəbdən komanda daha mobil təsir bağışlayırdı. Doğrudu, 2 hücumçuyla oynamaq risk idi, lakin görünür, Sopiç qol orucunu pozmaq üçün bu addımı atmışdı və lotoreyası tutdu.
İstənilən halda, “Qəbələ”nin daha yaxşı oynadığı qənaətindəyəm. Meydan sahibləri az qala bütün real, hətta real olmayan epizodları qola çevirdi, qonaqlara isə qapı dirəyi və rəqib qolkiper dəfələrlə mane oldu. Nəticə aldadıcı olmamalıdı. Hər nə qədər “Əlincə Arena” kabusu bitsə də, komanda nəhayət, evdə qələbə qazansa da, “Sabah” arxayınlaşmamalıdı.
“Səbail”in qələbəsi gözlənilməz alındı. Heyətinə görə hamıdan zəif olan “dənizçilər” mövsümü yıxıla-dura keçirir. Hətta “Keşlə”ylə matçda meydana buraxmağa hücumçu tapmayan Aftandil Hacıyev rəqibi oxuması, çox ağıllı taktika seçməsi və yetirmələrinin də tapşırıqları əla icra etməsi sayəsində turun sensasiyasına imza atdı. 12 tur öncə son qələbəsini elə bu rəqib üzərində qazanan Bayıl klubunun mövsüm ərzində “Keşlə”yə uduzmaması da qeyd edilməlidi. Geridə qalan turlar ərzində “Qarabağ”a qalib gələ bilməyən “Keşlə” “Səbail” qarşısında da 8 xal itirib.
“Qaçqın” kimi yaxşı nəticələri sıralayan “Keşlə” təmirdən çıxmış yeni stadionuna qayıdınca çox əla fürsəti boşa verdi, növbəti turda “Neftçi” qarşısına 2-ci yerin tək sahibi kimi çıxmaq şansını qaçırdı. Və bunun səbəbi hansısa fövqəladə nəsnələr deyildi, sadəcə, Tərlan Əhmədov gənc həmkarını üstələyə bilmədi.
“Keşlə” qış fasiləsində güclənməyib. Çempionatın ilk yarısındakı oyun üslubunda əlavə çalarlar yoxdu, yeni transferləri uğurlu saya bilmərik. Sezar Meza Kollidən asılılıq var, paraqvaylını sıradan çıxarmaq üçün isə rəqibin ağıllı oynaması kifayətdi. Bura təcrübəsinə uyğun gəlməyən naşılıqla penaltiyə səbəb olan İlkin Qırtımovu, milliyə çağırılandan başını itirən Vüsal İsgəndərlini, hələ də keçmişinin kölgəsində yatan Əfran İsmayılovu əlavə etsək, mənzərə aydınlaşır. Bu futbolçular start heyətində “oturmağın” arxayınlığına düşüncə belə nəticələr gözləniləndi.
Aftadil Hacıyev faktiki gənclərlə rəqibə dərs verdi. Penalti qazanan Ruslan Hacıyevin daha bir neçə epizodda əla hərəkətləri qazandığı şansdan doğan müsbət emosiyaların nəticəsi idi. Henrik Ekşteyn meydanda sərbəst olarkən daha yaxşı oynadığını, Fəhmin Muradbəylini də canlandırdığını dünən sübut etdi. “Piyada futbolu” oynayan Maykl Essyenin təcrübəsi hesabına mərkəzdə səliqəli oyunu “Səbail”in işinə yarayırdı.
Matçdan sonra bəxtdən şikayətlənən Əhmədovun dedikləri ilə razılaşmaq olmur. Aleksandr Rıbka matç ərzində oyuna ciddi şəkildə qoşulmadı, əvəzində Stanislav Namaşkonun əlcəkləri yanırdı. Qonaqlar dəfələrlə real qol şansını boşa verdi. Meydandakı komandalara baxanda liderlər qrupundakı kollektilvlə autsayderi səhv salırdın.
Bu nəticələrdən sonra çempionatda rəqiblərin bərabər qüvvəli olduğunu, aralarında ciddi fərq görünmədiyini deməyə məcbur olursan. Düzdü, “Səbail” heyət baxımından zəifdi, davam etmək asan olmayacaq. “Keşlə” də hər matçı bu qədər bərbad keçirməyəcək. İstənilən halda, avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedəcək, bəlkə də nəticələri təsadüflər həll edəcək.
CAVAD