“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Çətin oyun oldu. Buna baxmayaraq, bəzi nüanslar var idi. Hava şəraitinin də təsiri oldu. Hər iki komanda epizodlarda ehtiyat edirdi. Hər iki komanda öz intizamını göstərdi. Bu, çox önəmlidi. Füzuli Məmmədova uğurlar arzulamaq istəyirəm. Onun bu təyinatına sevindim, işgüzar, tələbkar insandı. Hər iki komanda bu gün 1 xal qazandı. Bərabərlik ədalətli nəticə idi.
- Hava şəraitinin dəyişəcəyi əvvəlcədən bilinirdi. Oyunun saatının gec olmasında PFL-lə məsləhətləşmə olmuşdumu?
- Olmamışdı. Əslində, proqnoza inanmıram, Allahın işidi. Oyun gec olanda, futbolçular daha yaxşı hazırlaşa bilir. Hətta səhər məşq də edə bilir. Gündüz də eyni hava şəraiti olur. Mən oyunların gec saatlarında keçirilməsinin tərəfdarıyam.
- Komanda neçə turdan sonra sizin istədiyiniz səviyyədə olacaq?
- Bəli, komanda hələ tam hazır deyil. Adətən belə vəziyyətlərdə 3-4 oyundan sonra formaya düşür. Bu da bəzilərinin daha yaxşı hazırlıqlı, digərlərinin aşağı hazırlıqlı olması ilə bağlıdı. Bəzən zədə olur, bəzən kiməsə daha çox istirahət veririk. Nə qədər hazır olmasa da, futbolçu xarakter göstərirsə, yaxşı oynaya bilər. Hər oyundan sonra 6-7 günlük fasilə olur. 3-4 turdan sonra komanda daha dinamik hala düşəcək.
- Sonuncu dəfə hansı dönəmdə ardıcıl iki oyunu eyni heyətlə keçirmisiz?
- Bunu xatırlamıram. Mən “11-liy”i çox da dəyişmirəm. Avrokubok matçları zamanı belə dəyişikliklər olur. Nadir hallarda dəyişikliklər edirəm. Statistikaya baxacam. (komanda.az)