“Neftçi”nin futbolçusu Donald Gerye Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”la 0:0 hesablı matçdan sonra müsahibə verib. O, öncə oyunu dəyərləndirib.
– Hər iki komanda çox yaxşı çıxış etdi. Həm “Qarabağ”, həm də “Neftçi” sonadək vuruşdu. Bizim üçün bu nəticə qənaətbəxş hesab oluna bilər. Çünki səfərdə oynayırdıq. 1 xal kifayət qədər yaxşı nəticədir.
– Hazırda “Qarabağ”la xal fərqiniz 8-ə bərabərdir. Çempionatın ikinci dövrəsi yeni başlayıb. Fikirləşirsinizmi ki, hər keçən tur çempionluq şansınız bir az da azalır. Deyəsən, “Neftçi” artıq taleyi ilə barışıb, 2-ci yerə razıdır.
– Bizim hədəfimiz var, çempion olmaq istəyirik. İkinci yerlə barışmırıq. Gördüyünüz kimi, komanda bu gün bütün gücünü meydanda qoydu. Futbolda hər şey ola bilər. Düzdür, bəlkə də qarşıda elə də çox oyun qalmayıb. Amma yenə də bizim şanslarımız var.
– Oyundan sonra klub prezidenti Kamran Quliyev sizi qucaqlayaraq nə isə dedi…
– Kamran müəllim çox yaxşı oynadığımı söylədi. Dedi ki, sən daimi olaraq “Neftçi”də qalacaqsan.
– Roberto Bordinin gedişi ilə komandada nə dəyişib?
– İlk növbədə məşqlərimiz dəyişib. Daha çox topla oynayırıq. Məşqlərdə taktikaya daha çox önəm veririk. Bu, bizim formada qalmağımıza kömək edir. Komanda özünü daha yaxşı hiss edir. Siz də görürsünüz ki, komanda meydanda daha sürətli, hərəkətlidir.
– İkinciliklə barışmadığınızı, çempion olmaq istədiyinizi qeyd etdiniz. Ümumiyyətlə, necə düşünürsünüz, Füzuli Məmmədovla bu hədəfə çatmaq mümkündürmü?
– Mənim fikrimcə, hə. Biz Füzuli Məmmədovun rəhbərliyi altında çempion ola bilərik. O, bu iki oyunda bizə çox şey verdi. Xüsusilə, taktiki baxımdan öz təcrübəsindən istifadə edir. Mən deyərdim ki, o, taktikaya daha çox önəm verən məşqçilərdən biridir. Bu da bizim oyunumuzda özünü biruzə verir.
– “Qarabağ”ı yaxşı tanıyırsınız. Belə bir fikir var ki, Riçard Almeydanın gedişindən sonra komanda əvvəlki kimi deyil. Bugünkü oyunda onu hiss etdiniz?
– Mən başqa komanda haqqında danışmaq istəməzdim. Amma bu, “Qarabağ”dır, mənim keçmiş komandamdır. Riçard Almeyda “Qarabağ” üçün ən vacib futbolçulardan biri idi. Yəqin ki, nə isə dəyişib. Amma mən 100 faiz əminliklə deyə bilərəm ki, orada çox təcrübəli məşqçi və oyunçular var. Rəşad kimi təcrübəli oyunçu var. Yəni, onlar artıq bu fərqi hiss edirlər və buna uyğun olaraq tədbirlər görəcəklər.