“Neftçi”nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”la 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.
– Bu gün qalib gəlmək istəyirdik. Yaxşı mübarizə apardıq. Yalnız qələbə çatmadı. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Baş məşqçiyə də “çox sağ ol” deyirəm ki, uzun müddətdən sonra mənə şans verdi.
– Ümumiyyətlə, qapı xəttində bugünkü dəyişiklik nə ilə bağlı idi?
– Düzü, mən bunu bilmirəm. Məşqçiyə aid bir sualdır.
– Sizcə, bu gün 2 xalı “Qarabağ” itirdi, yoxsa “Neftçi”?
– Biz oyuna həqiqətən də qələbə üçün çıxmışdıq. Futbolçularımız çox yaxşı, əzmkar mübarizə apardılar. Yenə deyirəm, sadəcə, qələbə çatışmadı.
– Ancaq kənardan elə görünürdü ki, sanki komandalar 1 xala razıdır.
– Bunu deyə bilmərəm. Kənardan siz bizdən daha yaxşı görürsünüz.
– Roberto Bordinin gedişindən sonra sanki komandanın ab-havasında canlanma hiss olunur. Bununla razılaşırsınızmı? – Bəli, razılaşıram.