Sanki hər iki komanda bir xal üçün oynayırdı. Ehtiyatlı, intizamlı, həddindən artıq diqqətli. “Qarabağ” əsas rəqibi ilə xal fərqini saxlamaq, “Neftçi” isə ağdamlıların çox uzaqlaşmaması üçün heç-heçəyə razı idi. Tərəflər risk istəmirdi, sonda hər ikisi məmnun qaldı.
Təbii ki, ilk tapşırıq qapını toxunulmaz saxlamaqla bağlı idi. İmkan olsa, heç kim qələbə qolunu vurmaqdan imtina etməzdi. Lakin 90 dəqiqə ərzində belə cəhdlər çox az oldu. Aylton Silvanın oyunun əvvəlində dirəkdən qayıdan baş zərbəsinə “Neftçi” ikinci hissədə cavab verdi – Namiq Ələsgərovun sevinməsinə qapıçı əngəl oldu. Başqa ciddi epizoddan danışmaq mümkün deyil, komandalar meydanın hər qarışı uğrunda savaşmaqla yadda qaldı. Zövqsüz, amma mübarizəylə dolu bir matç idi.
Fasilə ərəfəsində Abdulla Zubirə qarşı kobudluq penalti kimi dəyərləndirilə bilərdi. Amma deyəsən, baş hakim Rauf Cabbarov da komandaların ruhunu oxumuşdu, xal bölgüsünün pozulması üçün fərqli qərar qəbul etmədi. Yekunda liderlə izləyicisi arasındakı 8 xallıq fərq qorundu.
Dünən daha maraqlı oyun Sumqayıtda baş tutdu. Premyer Liqanın 16-cı turu çərçivəsində meydan sahibləri “Zirə”ni gərgin oyunda yenib, yenidən 4-cü pilləyə qalxdı. Bu nəticənin qeydə alınmasında qonaqların da köməyi az olmadı.
Çempionatın ən yaxşı oyun göstərən komandalarından olan “Sumqayıt” hesabı erkən açdı. “Qartallar” bərabərlik qolunu tez vurdu, lakin ondan sonra başverənlər çox qəribə idi. İlkin Muradov çox qısa zamanda iki sarı vərəqə alaraq, komandasını alıqda qoydu. Bəlkə də ikincini verməmək olardı, lakin Əmir Ağayevə qarşı kobudluğu vərəqəylə dəyərləndirdiyi üçün hakimi də qınamaq olmur – yarımmüdafiəçi diqqətli oynamalıydı.
Az sonra “Sumqayıt”ın azlıqda qalan rəqibə basqısı növbəti qolu gətirdi. Xəyal Nəcəfov oyununa “yaraşmayan” tərzdə driblinq edib 3 nəfəri keçdi və dəqiq zərbə endirdi. Bu qola hətta komanda yoldaşları da heyrət etdi – 2:1.
“Zirə”yə ən böyük zərbəni isə Ağabala Ramazanov vurdu. Komandasının bərabərlik qolunun müəllifi adi epizodda əsəblərinə hakim ola bilmədi və gərək olmayan epizodda rəqib oyunçunu qəsdən vurdu. Onun aldığı qırmızı vərəqə peşəkara yaraşmayan hərəkət və yoldaşlarını çətin vəziyyətdə qoymaq, onlara arxadan zərbə vurmaq idi. Bununla “Zirə”nin bir xal ümidləri də öldü. İkinci hissədə küləyə qarşı oynayan qonaqlar 9 nəfər qalınca cumqayıtlılar tam rahatlaşdı.
Zirəlilər o qədər çarəsiz idi ki, normal düşünmək, qərar vermək bacarığını da itirmişdi. Qapıçı azı 5 dəfə topu oyuna daxil edərkən səhvə yol verdi. Topa zərbəylə irəli vurmaq istəyir, külək isə “mərmi”ni yenidən cərimə meydançasına qaytarırdı. Halbuki belə havada yerlə oynamaq, qısa ötürmələrlə rəqib yarımmeydanına irəliləmək lazım idi. Məşqçilərin də adi elementə diqqət etməməsi maraqlıydı. Qonaqlar sanki oyunu yola verirdilər. Belədə sumqayıtlıların işi daha da asanlaşırdı.
Meydan shiblərinin top saxlaması, növbəti qolları vurmağa cəhd etməməsi az qala faciə ilə nəticələnəcəkdi. Son dəqiqələrdə nəhayət, özündə güc tapıb, hücuma keçən “Zirə”nin son həmləsinin qarşısını isə hakimlər yanlış ofsayd qərarı ilə kəsdi. Bəlkə də bayraq qalxmasa, çox şey dəyişəcəkdi. Bununla belə, məğlubiyyəti kiminsə boynuna yıxmağın mənası yoxdu, “Zirə” xaldan özü imtina etdi, “Sumqayıt” da məmnuniyyətlə fürsətdən yararlandı.
Belə qeyri-sabit oyun “Zirə”nin arzusuna çatmasına ciddi əngəldi. Qışda edilən ciddi transferlərdən sonra komanda qələbələri sıralamalı, ən azı belə asan məğlub olmamalıdı. Qeyri-sabit çıxışına davam edən qəsəbə təmsilçisinin rəhbərliyi daxildə də intizama diqqət etməlidi. Ağabalaya böyük pullar intizamsızlıq etmək üçün yox, komandanı arxasınca aparması üçün verilir.
FƏRİD