AFFA-nın dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə futbol hakimləri üçün seminar keçirilir.
Futbolinfo.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin üzvü Anar Salmanov və beynəlxalq dərəcəli hakim Orxan Məmmədovun iştirakı ilə reallaşan seminar futbol – oyun qaydaları və hakimlərin peşə hazırlığını əhatə edir.
Fevralın 29-dək davam edəcək seminarda mütəxəssislər, Region Liqasının Naxçıvan Zonasında keçirilən oyunlarını izləyir, hakimlərin idarəçilikləri ilə bağlı qeydlər aparır. Seminarda hakimlərin ümumi idarəçiliyi təhlil edilir, video-analizlər vasitəsilə mübahisəli epizodlar zamanı qəbul olunan qərarlar müzakirə olunur.
Xatırladaq ki, NFF-də təşkil olunan hakimlik kurslarının iştirakçıları bölgədə hakimliyin inkişafı məqsədilə AFFA-dan dəvət olunan təcrübəli futbol və futzal hakimlərinin seminar, praktiki məşğələ və təlim-məşq toplanışlarına cəlb olunurlar.